Azərbaycanlı nəsil qızıl medallara doymur: İndi də onun bacısı qızı çempion oldu - FOTO

Mayın 17-də Bakı Atıcılıq Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının sonuncu günü də Azərbaycan idmançıları üçün uğurlu olub.
 
Prosport.Az xəbər verir ki, millimiz 1 qızıl və 1 gümüş medalı aktivinə yazdırıb. Gün ərzində dairəvi stend və 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışları keçirilib.
 
10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında qalib gələn Azərbaycan idmançıları İslamiadanın çempionu olublar. Ruslan Lunyovdan və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gələrək qızıl medala layiq görülüb. III yerə İranın 1-ci komandası çıxıb.
 
2-ci komandamız - Rəsul Məmmədov və Zərifə Qasımova isə yarışı VII yerdə başa vurub.
 
Azərbaycan yığması dairəvi stend üzrə qarışıq komanda yarışında gümüş medala sahib olub. Emin Cəfərov və Nurlana Cəfərovadan ibarət komandamız finalda Bəhreynə məğlub olaraq birinciliyi əldən verib. Türkiyə komandası isə yarışı III pillədə başa vurub. Digər komandamız - Niyaz Ağazadə və Regina Meftahətdinova (olimpiya çempionumuz Zemfira Meftahətdinovanın qızı - red.) IV yerlə kifayətləniblər.
 
Bununla da IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları başa çatıb. Azərbaycan milli komandası yarışda 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.
 
Qeyd edək ki, Ruslan Lunyov 2004-cü ildə Afinada keçirilən Olimpiadanın 25 metr məsafədə atəş açmada bürünc medal qazanmış İradə Aşumovanın oğludur. O, artıq 5 qızıl medal qazanmaqla ailəsinə 900 min manat (dövlətdən və Milli Olimpiya Komitəsindən) bəxş edib. Aşumovanın əri Vladimir Lunyov Ruslanın həm də məşqçisi olduğundan, ailə daha 375 min qazanıb. Əvvəl gümüş, indi isə qızıl medal qazanan Nigar Nəsirova isə Aşumovanın bacısı qızıdır.
 
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.