Karatedə yenə 5 medal qazandıq: İdmançılarımız yarışı 10-la tamamladı

Bu gün Bakı İdman Sarayında karatenin kumite və kata yarışlarına Azərbaycanın 3 qadın və 3 kişi idmançısı mübarizəyə qoşulub.

Prosport.Az xəbər verir ki, karatenin kumite yarışlarında Azərbaycanı qadın idmançılarından İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kişilərdən isə Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) təmsil edib. Kata yarışlarında isə ölkəmizin təmsilçiləri qadınlardan Neda Rezayi, kişilərdən isə Roman Heydərov olub. 6 idmançımızdan 5-i medal qazanıb. Bunlar 3 qızıl, 1 gümüş və 1 bürünc medal olub.

Karate

Kişilər, kumite

-84 kq

Ayxan Mamayev 1/8 finalda İordaniya təmsilçisi Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. O, 1/4 finalda Əlcəzair təmsilçisi Mauad Aşaşeyə 5:3 hesabı ilə qalib gəlib. Ayxan yarımfinalda özbəkistanlı Əbdüləziz Atabayevi 3:1 hesabı ilə məğlub edib və finala yüksəlib. O, finalda türkiyəli Alpaprslan Yamanoğlunu 1:0 məğlub edərək qızıl medal qazanıb.

+84 kq

Asiman Qurbanlı 1/4 finalda Pakistan təmsilçisi Ramzan Məhəmmədi 5:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. O, yarımfinalda iranlı Sayad Qanzadəyə 4:5 hesabı ilə məğlub olub. İdmançımız bürünc medal uğrunda yarışıb və Səudiyyə Ərəbistanından olan Tareq Hamediyə 6:2 hesabı ilə qalib gəlib.

Qadınlar, kumite

-68 kq

Ukraynalı legionerimiz İrina Zaretskaya yarışa 1/4 final mərhələsindən qoşulub. Zaretskayanın bu mərhələdəki rəqibi Misir təmsilçisi Nada Muhammed olub və ona 4:3 hesabı ilə qalib gəlib. İrina yarımfinalda iranlı Behnoş Nacafiqhaqhelestani üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb. Finalda karateçimiz türkiyəli Ede Eltemuru 3:0 məğlub edərək çempion olub.

+68 kq

Fəridə Əliyeva 1/4 finalda əlcəzairli Atif İmeneni mübarizədən kənarlaşdırıb və yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda pakistanlı Narqis Narqisi 1:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. O, digər karateçilərimiz kimi finalda Türkiyədən olan idmançı ilə qarşılaşıb. Lakin onlardan fərqli, Fəridə Məltəm Hocaoğluna 2:6 uduzaraq gümüş medalla kifayətlənib.

Kişilər, kata

Roman Heydərov 1/8 finalda İndoneziya idmançısı Ahmed Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb. O, 1/4 finalda iranlı Şahyerdi Əbolfazini 3:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Heydərov yarımfinalda BƏƏ təmsilçisi Xəlifə Əlabarı 5:0 hesabı ilə məğlub edib. Bu ay Türkiyənin Kocaeli şəhərində keçirilmiş Avropa çempionatında ardıcıl 2-ci dəfə bürünc mükafatçı olmuş idmançımız qızıl medal uğrunda mübarizə aparacaq. O, finalda türkiyəli Mehmet Yakanı məğlub edərək (3:2) qızıl medal qazanıb.

Qadınlar, kata

İranlı legionerimiz Neda Rezayi də qadınların kara yarışlarında ümidləri doğrultmayıb. O, ilk görüşündə Malayziya təmsilçisi Selin Liyə 0:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bununla da IV İslam Həmrəyliyi Oyunlarının karate yarışlarına yekun vurulub. İlk yarış günündə də 5 medal qazandığımızdan, karatedə bu say 10-a çatıb (5 qızıl, 2 gümüş, 3 bürünc). Xatırladaq ki, komandamız 12 idmançı ilə yarışa qatılıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.