Cüdoda 11 medal qazandıq

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edib.
 
Prosport.Az xəbər verir ki, idmançıların fərdi mübarizəsində 10 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
 
81, 90, 100, +100 kq çəki dərəcəsində kişilər, 70, +78 kq çəkidə qadınlar, 66, 73, 90 və +100 kq çəkidə isə kişilərin paracüdo yarışlarında medallar öz sahiblərini tapıb.
 
Millimiz bu gün 3 çəki dərəcəsində 4 cüdoçu ilə təmsil olunub.
 
Cüdo
Kişilər
90 kq
Bu çəkidə ölkəmizi Məmmədəli Mehdiyev təmsil edir. 1/4 finaldan yarışa start verən cüdoçumuz Mixail Marçitanla (BƏƏ) üz-üzə gəlib. Təmsilçimiz tatamini qalib kimi tərk edib. Yarımfinalda türkiyəli Batuhan Efemgilə də heç bir şans verməyən Mehdiyev finala adlayıb. Onun həlledici görüşdəki rəqibi Abderrahman Benamadi (Əlcəzair) olub və qalib gəlib.
 
100 kq
Dünya və Avropa çempionumuz Elxan Məmmədov da yarışa uğurla başlayıb. Səudiyyə Ərəbistan idmançısı Sultan Mania səddini keçən həmyerlimiz yarımfinalda qazaxıstanlı Viktor Demyanenko ilə güləşib. Bu görüşdən də üzüağ çıxan Məmmədov finalda oynamaq hüququ qazanıb.
 
Elmar Qasımovun da ilk sınağı 1/4 finala təsadüf edib. Olimpiya mükafatçımız Ali Ərdoğanla (Türkiyə) qüvvəsini sınayıb və ipponla qalib gəlib. Yarımfinalda əlcəzairli Lyes Buyakubla münasibətinə aydınlıq gətirən Elmar onu da məğlub edə bilib. Qasımov finalda komanda yoldaşı Elxan Məmmədovla güləşib. Son Avropa çempionatında olduğu kimi, Məmmədov Qasımova qalib gəlib.
 
Qadınlar
+78 kq
Ölkəmiz adına ilk yarışa qatılacaq İrina Kindzerska yarımfinala çıxmaq üçün toqolu Noelin Koro və əlcəzairli Soniya Assela ilə dairəvi sistemlə mübarizə aparıb. Hər iki rəqibinə ipponla qalib gələn Kindzerska finala yüksəlib. O, həlledici görüşdə türkiyəli Kayra Sayıtla münasibətlərinə aydınlıq gətirib və uduzub.
 
Qeyd edək ki, cüdoçuların fərdi mübarizəsinin ilk günündə kişilərdən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.
Qadınlardan isə Erdenebat Bazarraqça (48 kq) hamıdan güclü, Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) isə II olub.
 
Bununla da millimiz 2 qızıl və 2 gümüş medalla yarışı başa vurub. Ümumilikdə isə fərdi yarışlarda cüdoda medallarımızın sayı 13 olub (6 qızıl, 7 gümüş). Qeyd edək ki, komandamız fərdi yarışlara 14 idmançı ilə qatılıb. Medal qazana bilməyən yeganə idmançımız - monqolustanlı legioner Munxtsedev İçinxorlu olub. Sabah komanda şəklində mübarizələrə start veriləcək.
 

Paracüdo

Kişilər

66 kq

Yarışda əvvəlcə Elçin Talıbov tatami üzərinə çıxıb. Onun ilk rəqibi özbəkistanlı Utkircan Niqmatov görüşə çıxmadığı üçün təmsilçimizə texniki qələbə verilib. İkinci görüşündə Türkiyə idmançısı Rəcəp Çiftçi ilə üz-üzə gələn atletimiz 2:0 hesabı ilə qalib gələrək finalda iştirak hüququ qazanıb. E.Talıbov həlledici qarşılaşmada əlcəzairli Mohammed Kamel Bellabası ipponla məğlub edərək finala yüksəlmiş Olimpiya Oyunlarının gümüş mükafatçısı Bayram Mustafayev ilə görüşüb. 2 azərbaycanlı idmançının görüşündə Talıbov qalib gəlib.

73 kq

Yarışa yarımfinaldan qoşulan Rio-2016-nın çempionu Ramil Qasımov Türkiyə idmançısı Sərdar Aydın üzərində ipponla qələbə qazanaraq qızıl medala bir az da yaxınlaşıb. Onun finaldakı rəqibi özbəkistanlı Feyruz Saidov olub və ona qalib gəlib. İlk görüşündə uduzmuş digər həmyerlimiz Natiq Talıbov və əlcəzairli Yusif Racai “bürünc” əldə ediblər.

90 kq

İlk görüşlərində uduzmuş Rövşən Səfərov bürünc medal qazanıb. Bu çəkidə digər azərbaycanlı - Tofiq Məmmədov isə medalsız qalıb.

+100 kq

Həmin çəki dərəcəsində ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev ilk görüşündə İran idmançısı Ehsan Musanejadkarmozdi ilə qarşılaşıb və rəqibini ipponla məğlub edib. Lakin Zəkiyev ikinci görüşdə Özbəkistan idmançısı Şirin Şərifova uduzub. Ancaq o, bürünc medal qazanıb.

Kənan Abdullaxanlı Türkiyə idmançısı ilə qarşılaşıb. Qardaş ölkə təmsilçisi Dursun Hayranı mübarizədən kənarlaşdıran cüdoçumuz finala vəsiqəni təmin edib. O da finalda İlham Zəkiyevin uduzduğu Şirin Şərifova uduzub və gümüş medalla kifayətlənib.

Qeyd edək ki, dünən paracüdo yarışlarında 4 qadın idmançımızdan 2-si qızıl, 2-si gümüş medal qazanıb. Bu gün qazanılan 7 medalla say 11 olub (4 qızıl, 4 gümüş, 3 bürünc).

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.