"Qəbələ" nişanlısına stadionda evlilik təklif edən futbolçusunu geri qaytardı - VİDEO

Azərbaycan Premyer Liqasının VI turunun “Neftçi” ilə oyununa hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Prosport.Az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı hücumçu Ekiqo Ehiosunla güclənib. Azad agent statusu ilə komandaya qoşulan 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

2014/15 mövsümündə icarə əsasında “Qəbələ”də çıxış etmiş Ehiosun “qırmızı-qara” formada 32 oyuna 6 qol vurub. Bütün qollarını çempionatda vuran legioner Premyer Liqada 29, ölkə kubokunda 3 matça çıxıb.

Ehiosun Azərbaycana ilk gəlişinədək vətənində “Uarri Volvz” (2008-2011), Türkiyədə “Samsunspor” (2011-2012) və “Gənclərbirliyi” (2012-2015) klublarında çıxış edib. 2013-2014-cü illərdə “Samsunspor”, 2014-2015-ci illərdə “Qəbələ”yə icarəyə verilən Ekiqo 2 il öncə Türkiyəyə qayıdıb. O, “Samsunspor” (2015-2016) və “Qazişehir Qaziantep” (2016) komandalarında çıxış edib. Ehiosun 2011-ci ildə debüt etdiyi Nigeriyanın əsas yığmasında 6 oyun keçirib və 1 qol vurub.

Onunla bağlı daha bir məqam isə futbolçunun 2015-ci ilin mayın 28-də "Qəbələ"nin gümüş medalla mükafatlandırılmasından əvvəl etdiyi qeyri-adi hərəkətdir. Belə ki, Ekiqo Ehiosun meydançada canlı yayım zamanı nişanlısına evlilik təklif etmişdi.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.