Reynaldo "Adanaspor"dan ayrıldı: "Qarabağ"la qol vurduğu komandaya keçir

Bu ilin əvvəlində “Qarabağ”dan “Adanaspor”a keçən Reynaldo dos Santos Silvanın Türkiyə macərası uzun sürməyib.

Prosport.Az xəbər verir ki, braziliyalı hücumçu karyerasını İsveçrədə davam etdirəcək.

Belə ki, xarici mətbuat Reynaldonun “Adanaspor”un düşərgəsini tərk edərək İsveçrəyə yollandığını vurğulayıb. Bu ölkənin iddialı komandalarından “Yanq Boyz”da tibbi müayinədən keçəcək sabiq “Qarabağ”lı bir problem çıxmasa, rəsmi müqaviləyə qol çəkəcək.

27 yaşlı “sambaçı”nın “Adanaspor”la anlaşması davam etsə də, bu keçid “Yanq Boyz”a havayı başa gələcək. Çünki Superliqa təmsilçisi əsas heyədə düşə bilməyən oyunçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verməyə razı olub.

Ümumiyyətlə, Reynaldo "Yanq Boyz"a tanış komandadır. 2 il əvvəl "Qarabağ" hər 2 görüşdə (ümumi hesab 4:0) Bern klubunu məğlub edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Bakıdakı cavab görüşünün 43-cü dəqiqəsində "Qarabağ"ın 2-ci qoluna imza atmış Reynaldo o vaxtdan bu klubun diqqət mərkəzində qalıb.

Qeyd edək ki, Reynaldo qışda "Qarabağ"dan ayrılaraq “Adanaspor”la 2,5 illik müqavilə imzalamışdı. O, Super Liqa klubunda cəmi 9 oyun keçirib və meydanı qolsuz tərk edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.