"Qarabağ"ın italiyalı hücumçu sevdası azalır

“Qarabağ”ın uzun müddətdir danışıq apardığı italiyalı hücumçu Nikola Çitronun Azərbaycana köçmək ehtimalı azalıb.

Prosport.Az xəbər verir ki, 28 yaşlı forvard karyerasını ölkəsində davam etdirməyə çox yaxındır.

Belə ki, onun B seriyasında çıxış edən “Avellino” klubu ilə anlaşması gözlənilir. “Trapani” C seriyasına yuvarlandıqdan sonra ordan ayrılaraq azad agent statusu daşıyan Çitro “Qarabağ” və “Avellino” ilə yanaşı, “Benevento”, “Bari” və “Salernitana”nın da maraq dairəsindədir.

Ancaq italiyalı həmkarlarımız heyətində ciddi dəyişikliklərə əl atan “Avellino”nun bu keçidi həll etmək üzrə olduğunu yazıblar. Məlumatda “Avellino”nun bu həftə yeni transferlərinin adlarını açıqlayacağı bildirilib və onlardan birinin Çitro olacağı istisna edilməyib.

Qeyd edək ki, Nikola Çitro İtaliya B Seriyasında "Trapani" ilə 76 oyuna 18 qol vurub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.