"Səbail" türkmənistanlı ilə müqavilə bağladı, iranlını bəyəndi, afrikalını gözləyir

Azərbaycan Premyer Liqasının debütantı "Səbail" klubu transferlərini davam etdirir.

Prosport.Az saytının əldə etdiyi məlumata görə, komandada baxışda olan qırğız sol cinah müdafiəçisi Şirzad adlı futbolçu dünən "Sumqayıt"la keçirilən matçdan sonra bəyənilməyərək geri göndərilib.

Türkmənistan azərbaycanlısı, əsli Gəncədən olan, AZAL-ın sabiq futbolçusu Elman Taqayevlə (Tağıyev) müqavilə bağlanılıb. Həmçinin "Sumqayıt"la oyunun 2-ci hissəsində qapısını toxunulmaz saxlamış U-21 millimizin İrandan olan azərbaycanlısı Əmir Hüseynlə də müqavilə bağlanılacağı gözlənilir.

Bundan başqa, sabahdan etibarən Türkiyədə hazırlıqlara başlayacaq "Səbail"ə afrikalı futbolçu qoşulacaq. Bunu yaxın saatlarda saytımıza müsahibəsi çıxacaq "Səbail"in baş məşqçisi Samir Əliyev də təsdiqləyib. O, Qvineya-Bisaudan olan mərkəz müdafiəçisidir. 

Qeyd edək ki, "Səbail" bunadək Kamal Qurbanov, Murad Ağayev (hər ikisi "Neftçi"), Emin Mehdiyev ("Zaqatala"), Yamin Ağakərimzadə, Nurlan Novruzov (hər ikisi "Zirə"), Aqşin Muxtaroğlu ("Turan Tovuz"), Raul Yaqubzadə ("Mil-Muğan"), Vüqar Nadirov ("Qarabağ") və Emin Cəfərquliyevin (AZAL) transferlərini rəsmi "feysbuk" səhifəsi vasitəsilə açıqlayıb.  

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.