"Qarabağ"ın 2 yeni legioner trasferi - VİDEO

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” növbəti transferlərini reallaşdırıb.

Prosport.Az xəbər verir ki, klub Polşa millisinin sabiq üzvü və “Leqiya”nın kapitanı Yakup Jezniçakla 2 illik müqavilə imzalayıb. Mərkəz müdafiəçisi yeni komandasında "52" nömrəli formayla mübarizə aparacaq.

"Qarabağ"ın növbəti transferi Haiti millisinin üzvü, ötən mövsüm Türkiyə Super Liqası klubu "Alanyaspor"da çıxış etmiş Vild-Donald Qeryedir. Yarımmüdafiənin sol cinahında çıxış edəcək futbolçu ilə də Jezniçak kimi 2 illik müqavilə bağlanılıb.

Hər iki futbolçu klubun rəsmi saytına keçidləri haqqında açıqlama verib.

Yakub Jezniçak: “Azərbaycanın ən yaxşı komandasının - “Qarabağ”ın bir üzvü olduğum üçün çox xoşbəxtəm. Mənim üçün bura gəlmək həyəcanlıdır, çünki geridə qalan 13 ili “Qarabağ” kimi köklü klub olan “Leqiya”da keçirmişəm. Bir təcrübəli futbolçu kimi bütün gücüm və mübarizəmlə “Qarabağ”a kömək edəcəyəm. Komandamda yeni məqsədlər üçün mübarizə aparacağam və ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasında daha da yaxşı yerlərə gedəcəyik. Anlayıram ki, azarkeşlərin məndən gözləntiləri böyükdür. Yayda sabiq komandam “Leqiya”yla təlim-məşq toplanışında iştirak etmişəm və yeni mövsümə özümü tam hazır sayıram. Sonda isə “Qarabağ”da çalışan hər kəsə və azarkeşlərə məni burada isti qarşıladıqları üçün təşəkkür edirəm”.

Vild-Donald Qerye: “Qarabağ” ilk gündən mənə öz ailəm kimidir, sanki uzun müddətdir buradayam. Həqiqətən bura gəldiyim üçün xoşbəxtəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. “Qarabağ” ardıcıl 4-cü dəfə çempion olur və 3 ildir Avropa Liqasının qrup mərhələsində oynayır, bunların hamısını yaxşı anlayıram. Hər zaman hansı komandamda olmağımdan asılı olmayaraq, qələbə üçün meydana çıxmışam və komandamın qələbə qazanması üçün vuruşmuşam. Ən böyük üstünlüyüm odur ki, uduzmağı sevmirəm. Harada varamsa, qalib gəlmək üçün mübarizə aparmışam. Əgər bu gün “Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmaya çalışacağam”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.