"Qəbələ" 3-cü legioneri transfer etdi

2017/18 mövsümü üçün heyətini gücləndirməkdə davam edən “Qəbələ” daha bir transfer gerçəkləşdirib.

Prosport.Az xəbər verir ki, bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavi Ernandes və Stiven Jozef-Monrozla anlaşan “qırmızı-qaralar” Dion Maloneni də heyətinə qatıb. Hollandiya vətəndaşlığı olan surinamlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Surinamın paytaxtı Paramariboda anadan olmuş 28 yaşlı sağ cinah müdafiəçisi yarımmüdafiəçi kimi də çıxış edir. Dionun karyerası Hollandiya klubları ilə bağlı olub. “Omnivorld” klubunun yeniyetmə komandalarında çıxış etmiş Malone peşəkar karyerasına 2008-ci ildə başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında çıxış edib. 2010-cu ilədək “Omnivorld” adlanan klub sonradan adını dəyişərək “Almere Siti”yə çevrilib. Dion 2012-ci ildə digər Hollandiya klubu “Den Hax”a keçib və 5 mövsüm bu klubun uğurları üçün çalışıb.

Qeyd edək ki, "Qəbələ"ni 11 futbolçu - liberiyalı Teo Uiks, Rəşad Eyyubov, gürcü Nika Kvekveskiri, Rəşad Sadiqov, dağıstanlı Məhəmməd Mirzəbəyov, xorvatiyalı Daniyel Subotiç, eston Sergey Zenyov, braziliyalı Rafael Santos, Murad Musayev, polşalı David Petjkeviç və braziliyalı Rikardinyo tərk edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.