"Qəbələ"də fransızların sayı 2-yə çatdı

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

Prosport.Az xəbər verir ki, Aqil Məmmədov, Elvin Məmmədov, İlqar Qurbanov və ispaniyalı Xavyer Ernandes Qonsaleslə müqavilə imzalayan “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb. Fransalı Stiven Jozef-Monroz yeni mövsümdən bu komandanın şərəfini qoruyacaq.

26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah vingeri kimi çıxış edən Jozef-Monroz “Bondi”, “Lievin” və “Lans” klublarının yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edib. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu 2011-ci ilədək “Lans”ın formasını geyinib. 2010-cu ildə “Şatoru”ya icarəyə verilən yarımmüdafiəçi Belçikada da legioner həyatı yaşayıb. O, “Kortreyk” (2011-2012) və “Qenk”in (2012-2015) uğurları üçün çalışıb. Cinah oyunçusu 2012/13 mövsümündə Belçika kubokunun qalibi adını qazanıb, 2011/12 mövsümündə isə finalçısı olub. Jozef-Monroz 2015-2017-ci ildə Fransada Liqa 2-də mübarizə aparan “Brest”də çıxış edib.

Yarımmüdafiəçi 2007-2012-ci illərdə ölkəsinin milli komandalarına cəlb olunub. Stiven Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.

Qeyd edək ki, ötən mövsümdən "Qəbələ"də daha bir fransız çıxış edir. Bu, hücumçu Baqali Dabodur.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.