Haldourson “Qarabağ”a keçməsindən danışdı

Xəbər verdiyimiz kimi, “Qarabağ” İslandiya millisinin qapıçısı Hanes Haldoursonu transfer edib.

Prosport.Az xəbər verir ki, o, müqavilə ilə məxsus olduğu Danimarkanın “Ranes” klubunun rəsmi saytına keçidi haqda açıqlama verib:

“Ranes”də gözəl vaxtlarım keçdi, xoşbəxt oldum. Komandada və şəhərdə özümü çox yaxşı hiss etdim. Ranes möhtəşəm şəhərdir, buranı tərk etmək qərarı asan olmadı. Ancaq indi 34 yaşım var. Buna görə də yeni bir şey sınamaq, fərqli macəra yaşamaq istədim. Burada keçirdiyim iki ildə klubda mənə dəstək olan hər kəsə və azarkeşlərə minnətdarlığımı bildirirəm. Gələcəkdə kluba uğurlar arzulayıram”.

Danimarka klubunun idman direktoru Sören Pedersen də onun gedişi barədə danışıb. O, dünya çempionatında Lionel Messinin penaltisini qaytarmaqla daha çox diqqət mərkəzinə düşmüş qolkiperlə çox klubun maraqlandığını bildirib:

“Hanesin dünya çempionatındakı çıxışı diqqətdən kənarda qalmadı. Onunla maraqlanan çox idi. Ancaq konkret təklif “Qarabağ”dan gəldi və onlarla razılaşdıq. Hanes bizim samballı oyunçularımızdan biri idi.

Komandamız üçün həm meydanda, həm də ondan kənarda böyük əhəmiyyət kəsb edirdi. Biz Hanesə “Ranes”dəki xidmətlərinə görə təşəkkür edirik. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, Haldourson Avstriyada toplanışda olan “Qarabağ”la iki illik müqavilə bağlayıb. Danimarkadan başqa, İslandiya, Hollandiya və Norveçdə karyera qurmuş təcrübəli qolkiper 2012-ci ildən milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. 2016-ci ildə Avropa Çempionatının final mərhələsində çıxış edib. Burda da İslandiyanın oynadığı beş oyunun hamısında çərçivəni qoruyub.

Hanes Haldourson DÇ-2018 seçmə mərhələsi çərçivəsində doqquz oyunda meydana çıxıb və komandası DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatının qrup mərhələsində hər üç oyunda meydanda olub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.