"Kəpəz"də 2-ci Kərimi, 2-ci qapıçı: Bu dəfə İrandan - ÖZƏL

"Kəpəz"in bu gün 8 futbolçu ilə yollarını ayırdığını xəbər vermişdik.

Prosport.Az xəbər verir ki, bunların arasında "Kəpəz"in 2-ci qapıçısı, 23 yaşlı Ruzi Qiyaslının da adı var.

Əldə etdiyimiz məlumata görə, Yunis Hüseynov İrandakı keçmiş tanışları vasitəsilə bu ölkədən komandaya qapıçı gətirməyə çalışır. Onun ilkin hədəfindəki qapıçı Təbrizin "Maşin Sazi" komandasının qapıçısı Pərviz Kərimidir. 31 yaşlı qolkiper I divizionda çıxış edən "Maşin Sazi"də heyətə düşə bilmədiyindən, Azərbaycanda çıxış etməkdə maraqlıdır.

Pərviz Kərimi əvvəllər Yəzdin "Şahid Qandi" (indiki "Tərbiət"), Bəndər Abbasın "Şəhrdari", Xuzistan və Əhvazın "İstiqlal"ında və Ərakın "Aluminium" klublarında çıxış edib. O, ötən ildən "Maşin Sazi"dədir.

Qeyd edək ki, "Kəpəz"in əsas qapıçısı əsli Ərdəbilə gedib çıxan Davud Kərimidir.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.