Adil Mahmudov qazaxlara azərbaycanlı futbolçudan danışdı

"Qardabani" yaxşı futbol nümayiş etdirir. Ancaq biz çoxlu imkanlarımızdan istifadə edə bilmirdik. Və mən öyrənəndə ki, Karaqandanın "Şaxtyor" klubunda perspektivli hücumçu Akif Həsənov var, bizdə oynaması üçün danışıqlar apardım. "Qardabani"nin belə hücumçuya ehtiyacı vardı".

Prosport.az xəbər verir ki, bu fikirləri Gürcüstanın I liqa təmsilçisi "Qardabani"nin baş məşqçisi Adil Mahmudov Qazaxıstan mətbuatına açıqlamasında bildirib.

O, Qazaxıstandan dəvət etdiyi yerli hücumçu Akif Həsənovdan razılığını ifadə edib: "Akif dərhal uşaqlarla dostlaşdı, kollektivə uyğunlaşdı. Komanda ilə 3 məşq edəndən sonra "Borjomi" ilə səfər matçında meydana çıxdı. Biz uduzduq, ancaq Həsənov yaxşı döyüşkən və fərdi ustalıq keyfiyyətlərini göstərdi. 2 dəfə rəqib qapıçıları ilə təkbətək çıxdı, qol vura bilmədi. Ancaq bu vəziyyətlər ümid verdi. Sonra biz səfərdə "Qori" ilə oynadıq. Ona ümid etdik. Oyunun gedişində uduzurdiq, ancaq Akif 2-ci qolu vurdu. Ardından perspektiv hücumu başladı ki, bu da rəqib qapısına dəqiq zərbəylə nəticələndi. Sonda biz 3:2 hesabı ilə qalib gəldik. Bu gün evdə "Sxinvali" ilə oynayırıq. Akif start heyətdə meydana çıxacaq. Ümid edirik ki, o, qol vuracaq və özünü yaxşı göstərəcək".

Mahmudov 20 yaşlı Həsənovu gələcəkdə Qazaxıstan, Azərbaycan, Gürcüstan və postsovet məkanının digər güclü divizionlarında oynamaq potensialına malik gənc perspektivli futbolçu sayır: "Onu Qazaxıstanın gənclər yığmasına cəlb etmək lazımdır. Həsənovda bunun üçün göstəricilər var. Ona şans vermək və güvənmək lazımdır. Mən Akifin tərbiyəsindən, xarakterindən, oyunundan çox razıyam. Buna görə valideynlərinə və Karaqanda "Şaxtyor"una minnətdaram".

Qeyd edək ki, Akif Həsənov Qazaxıstan azərbaycanlısıdır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.