"Keşlə" məşqçilərinin işdən çıxarılmasının səbəbi bilindi - Valideynlərdən pul alınıbmış

"Keşlə"nin Uşaq-Gənclər Futbol Məktəbinin rəhbəri Rövşən Babayevin işdən çıxarıldığını xəbər vermişdik.

Prosport.Az bunun səbəblərini öyrənib. Sən demə, "Simurq", "Sumqayıt", "Vətən" klublarında işləmiş Babayev başqasının güdazına gedib.

Belə ki, klubun 2003-cü il təvəllüdlü futbolçularının baş məşqçisi Eldar Ağaxanov komandanı Balakənə təlim-məşq toplanışına aparmaq üçün valideynlərdən 300 manat pul alıb. Klubda isə valideynlərdən pul almaq qəti qadağan olunub. Bunu bilən klub rəhbərliyi Rövşən Babayevi yanına çağırıb və Ağaxanovu "Vətən"dən onun gətirdiyini, bu qanunsuz əmələ görə dolayı yolla onun da məsuliyyət daşıdığını bildirib.

Beləcə, Rövşən Babayevlə əməkdaşlığa son qoyulub. Onunla bərabər köhnə "İnter", indiki "Keşlə"yə gəlmiş məşqçilər - Rauf Mehdiyev, Müşfiq Qənbərov və Vaqif Hidayətov da işdən ayrılmağa qərar veriblər.

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin də fikrini əks etdirməyə çalışacağıq.

Sonda onu da bildirək ki, "Keşlə"nin akademiya məşqçilərinin işlərindən çıxarılma xəbərini ilk olaraq "futbol11" saytı diqqətə çatdırıb.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.