Sabunçu Xəstəxanasından Xamis Məmmədovun ölümü ilə bağlı ilk AÇIQLAMA

"Xamis Məmmədovun nəzarətsiz qalması ilə bağlı deyilənlər doğru deyil".

Bunu Prosport.Az-a açıqlamasında sabiq idmançı Xamis Məmmədovun dünyasını dəyişdiyi Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkim müavini Cahangir Həsənov deyib.

O, X.Məmmədovun məşqçisi Nazim Məlikovun mərhumun halının pisləşməsində nəzarətsiz qalması ilə bağlı deyilənləri təkzib edib:

“Bizdə həmişə növbətçi həkimlər olur. Lap halı pisləşdiyi vaxt yanında həkim olmayıbsa belə, onun yaxınları ki yanında idi. Onlar dərhal xəbər verə bilərdi”.

Cahangir Həsənov onu da bildirib ki, yaxınları onun meyidinin yarılmasına etiraz etmədiyi üçün onlardan şikayətçi qalmayıblar:

“Onun ölüm səbəbini araşdırmaq üçün meyidin yarılması gərək idi. Lakin yaxınları buna imkan vermədi. Morqdan meyidi götürüb apardılar. Hər halda bizdən şikayətçi olsaydılar, yarılmasına imkan verərdilər. Bununla belə, biz kliniki baxımdan onun ölüm səbəblərini araşdırmağa çalışacağıq.

O bura pnevmaniyalı xəstə kimi gəlmişdi. Müalicə həkiminin dediyinə görə, bura gətirilərkən vəziyyəti orta-ağır idi. Biz bilmirik, bəlkə o bura gətirilərkən hardasa döyülmüşdü. Onun ölüm səbəbi xəstəliyi ilə bağlı olmaya da bilər. Onda tromb vardı. İdmançılarda belə hallar olur. Tromb istənilən yeri vurub sıradan çıxara bilir. Döyüşlər zamanı aldığı zədələr sonda belə hallara gətirib çıxara bilir. İstənilən halda, onun ölümünün səbəbini meyidin yarılması ilə dəqiq söyləmək olardı”.

Qeyd edək ki, Xamis Məmmədov 26 yanvarda dünyasını dəyişib. O, dünən doğulduğu və yaşadığı Sabirabadda dəfn olunub.

Səbuhi MUSAYEV

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.