Roberto Bordin: Karikarinin gedişini “Neftçi” üçün itki saymaq olar

“Neftçi”nin baş məşqçisi Roberto Bordin klubun rəsmi saytına müsahibə verib. 

Prosport.Az xəbər verir ki, təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirən italiyalı mütəxəssis azarkeşlərə səslənib.

– Təlim-məşq toplanışından razı qaldınızmı?

– Taktiki-texniki planda etmək istədiklərimizin hamısını həyata keçirdik. Komandamdan razıyam. Düzdür, bəzi futbolçuların yüngül zədələrinə görə kiçik problemlər vardı. Bununla belə, həmin oyunçuları ayağa qaldıra bildik. Təbii ki, üç yoxlama oyunu keçirmək bizim üçün çox vacib idi. Təlim-məşq toplanışından tam razı qaldım.

– Yeni transferlər – Mamadu Mboc və Vanqelis Platellasın oyunu sizi qane edirmi?

– Bəli. Bu futbolçuları, xüsusilə də Mamadu Mbocu əvvəldən izləyirdik. Sonra o, komandamıza qoşulub, müdafiə xəttimizi gücləndirdi. Vanqelis Platellasa gəlincə, yunanıstanlı hücum xəttimizi gücləndirəcək keyfiyyətdə olan futbolçudur. Bunlardan əvvəl isə Mamadu Kane heyətə cəlb olunmuşdu. Digər iki oyunçu kimi, onun da gəlişinə şadıq. Bu futbolçuların oyunları bizi sevindirir. Ümid edirəm ki, yeni transferlər komandaya kömək etmək üçün rəsmi oyunlarda özlərini daha da yaxşı tərəfdən göstərəcəklər.

– Yoxlama görüşlərində Əli Şirinov, Rəhman Daşdəmirov, Mirkamil Əliyev kimi gəncləri meydana buraxdınız. Onlara çempionat oyunlarında da şans verəcəksiniz?

– Bunu zaman göstərəcək. İndi bu haqda danışmaq tezdir. Əsas odur ki, onlar yaxşı hazırlıq keçdilər, ümumi məqsədimizə çatmaq üçün mənə və komandaya kömək etdilər.

– Kvame Karikarinin icarəyə verilməsindən sonra hücumçu transferi reallaşmasa, bunu ciddi problem kimi qiymətləndirmək olar?

– Əvvəla onu deyim ki, hazırkı heyətdən razıyam. Kifayət qədər yaxşı futbolçularımız var. Karikarinin gedişini bir tərəfdən itki saymaq olar. Çünki bizə köməyi dəyirdi. Amma digər tərəfdən təəssüf ki, bəzi hallarda komandada öz yerini tuta bilmədi. Ona görə özü də vəziyyəti dəyişmək qərarına gəldi. Hücum xəttinə gəlincə, Vanqelis Platellas yaxşı futbolçu keyfiyyətlərinə malikdir. Bununla belə, Mboc və Platellasdan sonra heyətə daha bir futbolçu cəlb edə bilsək, daha yaxşı olar. Amma cəlb edə bilməsək, dediyim kimi, hazırkı heyətdən razıyam.

– “Neftçi” son rəsmi matçlarına böyük azarkeş dəstəyi olmadan çıxmışdı. Qarşıdan isə çempionluq uğrunda əsas rəqiblərdən olan “Qarabağ”la oyun gəlir. Azarkeşlərimizə nə demək istərdiniz?

– Azarkeşlərimizin dəstəyi bizim üçün çox vacibdir. Çünki onlar həmişə bizə sonadək mübarizə aparmaq üçün lazım olan gücü, enerjini veriblər. Çox ümid edirəm ki, azarkeşlərimizin də dəstəyi ilə “Qarabağ”la matçda yaxşı oyun göstərib, istədiyimiz nəticəni əldə edəcəyik.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.