Elton Hüseynəliyev: “Rusiya dünya çempionatında III yeri tuta bilər”

Müğənni Elton Hüseynəliyev Rusiyada keçirilən dünya çempionatında azarkeşlik edəcəyi komandanın adını açıqlayıb.

Bu barədə Oxu.Az-a açıqlamasında Hüseynəliyev Lionel Messinin lideri olduğu Argentina millisinə azarkeşlik etdiyini bildirib:

“Dünya çempionatında Argentinaya azarkeşlik edirəm. Bunun Messi ilə heç bir əlaqəsi yoxdur. Hələ Qabriel Batistutanın vaxtından onlara simpatiyam var. Dieqo Maradona da xoşuma gələn futbolçulardan olub. Onların formalarının rəngi, oyun tərzləri çox xoşuma gəlir. Messi komandanın lideri olduğundan, düşünürəm ki, Argentina bu mundialın favoritlərindən biridir.

Argentina ilə bərabər, Almaniya, Braziliya, Fransa da favoritdir. İspaniya bu il zəifdir. Düşünürəm ki, gizli favoritlər arasında Belçika da var. Finalda Argentina – Braziliya matçı daha möhtəşəm olar. Qeyd etdiyim kimi, çempionun da Argentina olmasını istəyirəm. Ancaq bu mənim xəyalımdır. Tam dəqiq fikrimi qrup mərhələsində iki tur başa çatdıqdan sonra deyə bilərəm. Çünki komandaların hansı formada olması bu dəqiqə tam bilinmir. Futbol elədir ki, burda möcüzə az olur. Ancaq Belçika və Rusiya çempionatın sürpriz komandalarıdır. Düşünürəm ki, onlar III yeri tuta bilərlər”.

Tanınan müğənni onu da bildirib ki, maraqlı oyunlara dostları ilə birgə baxacaq:

“Yəqin ki, çox oyuna evdə baxacağam. Amma maraqlı qarşılaşmalara dostlarla izləməyə üstünlük verəcəyəm. Hansı ki dostlarım arasında başqa millilərə azarkeşlik edənlər var”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.