"Bu suala cavab verə bilmərəm" – Dmitri Nəzərov

Azərbaycan millisinin futbolçusu Dmitri Nəzərovun yığmanın bugünkü məşqindən öncə brifinqi keçirilib.

Prosport.Az xəbər verir ki, Nazarov jurnalistlərlə görüşdə maraqlı məqamlara toxunub:

- Millinin baş məşqçisi Qurban Qurbanovla tanışlığınız necə keçdi? Onun təyinatını eşidəndə nə fikirləşdiniz?
- Yığmanın düşərgəsinə dünən qoşulmuşam, axşam gəldim və yüngül məşq etdim. Baş məşqçi ilə bu gün səhər fərdi söhbətim oldu. Söhbətdən çox xoş hisslərlə ayrıldım. İlk gördüklərimə əsasən deyə bilərəm ki, Qurban Qurbanov çox gözəl insandır, futbolçuları yaxşı başa düşür. Məşq prosesləri haqda hələ bir söz deyə bilmərəm, çünki cəmi bir məşqdə iştirak etmişəm. Ümumilikdə razıyam.

- Qurban Qurbanovu yığmamızda çalışmış əvvəlki mütəxəssislərdən nə fərqləndirir?
- Bu suala cavab verə bilmərəm. Dediyim kimi, komandaya dünən qoşulmuşam. Yığmada ab-hava yaxşıdır, nizam-intizam çox yüksək səviyyədədir. Komandanın məşq prosesini də izlədim. Fərqlə bağlı daha dəqiq cavabı gələn aylarda deyə bilərəm.

- İllərdir ki, 2-ci Bundesliqada çıxış edirsiniz. Əsas Bundesliqaya yüksəlməyinizə nə mane olur?
- Bu suala çox cavab vermək olar. Siz də bilirsiz ki, Bundesliqa Avropanın güclü çempionatlarından biridir, ora düşmək olduqca çətindir. Mən oynadığım 2-ci Bundesliqaya düşmək də asan deyil. Sözsüz ki, əsas Bundesliqa komandalarından birinə dəvət almaq üçün üzərimdə çalışıram. Bəlkə də, bəxtim yoxdur. Gərək doğru anda düzgün insanlar məni görsünlər ki, Bundesliqaya gedim. Çətin olsa da, vaxtım var. Ümid edirəm ki, nə vaxtsa əsas Bundesliqa klubundan təklif alacam.

- Millətlər Liqasındakı rəqiblərimiz haqda hansı fikirdəsiniz? Qrup birincisi olmaq üçün nə lazımdır?
- Rəqibləri təhlil etmişəm. Biz həmişə hazırlaşanda məqsədimiz meydana çıxıb, qələbə qazanmaq, ən azı yaxşı oyun göstərmək olur. Bu qrupda maksimum xal toplamalıyıq. Hər oyunda 100 yox, 200 faiz bacarığımızı nümayiş etdirməliyik. Çünki əlimizə şans düşüb və bundan istifadə etmək lazımdır. 

- Bu günə qədər Azərbaycan klublarından dəvət almısınız? Almamısınızsa, təklif gəlsə, necə davranarsınız?
- “Aue” klubu ilə müqaviləm var. Mən hər təklifə açığam. İndiyə qədər söhbətlər olub, amma konkret təklif gəlməyib. Belə bir təklif gəlsə, oturub fikirləşərəm. Bu haqda ailəmlə danışaram.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.