Zərifə Hüseynova: "Qızlar mənim kimi olmaq istəmir" - MÜSAHİBƏ

Onun videolarını sosial şəbəkədə gördük. Ağırlıqqaldırma ilə və ya beynəlxalq dildə desək, pauerliftinqlə məşğul olur.

Azərbaycanda böyük əzələləri olan nadir xanımlardandır. Sərhədçi İdman Olimpiya Mərkəzinin yaxınlığında yerləşən fitnes-zallardan birində müəllim işləyir. Adı Zərifə Hüseynovadır. 

Özü ilə əlaqə saxlayıb, onu müsahibəyə razı saldıq. Beləliklə, Hüseynovanın işlədiyi fitnes-zala baş çəkdik.

Prosport.Az Oxu.Az-a istinadən həmin müsahibəni təqdim edir:

– Bu zalda nə vaxtdan işləyirsiniz?

– Burada üç aydır, işləyirəm. Qadınlar üzrə fitnes hazırlığı müəllimiyəm.  

– Adətən, fitneslə məşğul olanlar kök olduqlarından kilo atmağa çalışırlar. Siz niyə fitnesə üz tutdunuz?

– Uşaqlıqdan idmana həvəsim olub. Oğlanlar kimi əsgər, polis olmaq istəmişəm. 16-17 yaşım olanda özüm üçün “turnik” edirdim. Yaxın dostum zalda idmanla məşğul olmağı məsləhət gördü. Mən də onunla üç ay idmana getdim. Onda çox arıq idim, 47-48 kilo idim. İdmanla məşğul olduqdan sonra çəkimi 50 kq-a qaldırdım.

Həmin vaxt zala Vüsal Mərdanov adında bir idman müəllimi gəldi. Haqqımda ona məlumat verdilər. Onda mən səhv-düz ağırlıqqaldırma ilə məşğul idim. Onunla söhbətimizdə gördü ki, ağırlıqqaldırmaya həvəsim var. Dedi ki, gəl, səni məşq etdirim, yarışa hazırlaşdırım. O özü pauerliftinq üzrə dünya və Avropa çempionu olub.

Deyir, niyyətin hara, mənzilin ora. Mən elə ağırlıqqaldırma ilə məşğul olmaq və bu idman növündə çempion olmaq istəyirdim.

– Deyəsən, pauerliftinq üzrə artıq titullarınız da var...

– Bəli. İlk beynəlxalq yarışım 2017-ci ildə Yekaterinburqda olub. Orada çempion olmuşam. Ancaq ilk rəsmi çempionluğumu ötən il respublika üzrə qazanmışam.

60 kq çəki dərəcəsində 165 kq-ı qaldırmışam. Bundan sonra Soçidə Avropa çempionu oldum və dünya rekorduna imza atdım. Daha sonra yenə Azərbaycan çempionu olub, Moskvada keçirilən dünya çempionatına getdim.

Moskvada dünya rekordu qırmaqla bərabər, dünya çempionu oldum. Martın 15-də növbəti respublika çempionatı olacaq. İndi ona hazırlaşıram.

– Niyə məhz ağırlıqqaldırmaya marağınız vardı? Haradan yaranmışdı bu maraq?

– Xalamoğlu idmanla məşğul olurdu. Onun böyük bədən quruluşu vardı. Kriştyanu Ronaldunun da gözəl bədən quruluşu olub (ona görə ilk olaraq qarşımıza Ronaldunun sabiq komandası olan “Mançester Yunayted”in forması ilə çıxır – S.T.). Bundan başqa, gözəl bədən quruluşlu qadın idmançıları görüb deyirdim ki, nə vaxt məndə də belə bədən quruluşu olacaq?! Şükür Allaha ki, məndə bədən quruluşu ondan da yaxşı alındı (gülür).

– Bədəninə həsəd apardığınız həmin xanım idmançı kim idi ki?

– O, əcnəbidir. Kas Martini nəzərdə tuturdum. O, ABŞ-dandır. Demək olar ki, indi onunla eyni səviyyədə bədən quruluşumuz var.

– Bildiyim qədərilə Kasandra Martin pauerliftinqlə sizin kimi peşəkar şəkildə məşğul olmur...

– Bəli. O, ancaq bədən quruluşuna görə idmanla məşğuldur. Elə insan var ki, ayaq hissəsinin gözəl olmasına çalışır. Mən isə yuxarı hissəyə – kürəyin, çiyinlərin əzələli olmasına üstünlük verirəm.

– Amma ayaqlardan da pis deyilsiniz...

– (gülür) Ola bilər. Amma ayaq hissəyə o qədər də önəm vermirəm.

– Belə bədən quruluşuna maliksiniz. Heç özünüzü qadın bodibildinqi üzrə yarışlarda yoxlamaq fikriniz varmı?

– Qəti şəkildə yox!

– Niyə?

– Həm mentalitet baxımından istəmirəm, həm də elə açıq-saçıq geyimdə bunu özümə sığışdırmıram. Düzdür, bodibildinqə pis baxmıram. Amma mənə görə deyil. Yaxınlarda Azərbaycanda qadınlar üzrə belə yarış oldu. Amma oradakı geyimlərə görə belə yarışlara qatılmaq istəmərəm.

– Bayaq dediniz ki, ilk dəfə 16 yaşında idmanla məşğul olmağa başlamısınız. Siz idman zalına gedəndə valideynlərinizin “qızsan, otur yerində” kimi sərt təpkisi ilə üzləşmədiniz ki?

– Yox! Atam həmişə tərəfimdə olub. Bilib ki, həmişə idmanda irəli getmək xəyalım olub. Mənə deyib ki, sən nə istəyirsənsə, o da olsun. Xaricə yarışlara gedəndə anam getməyə qoymurdu. Atam isə deyirdi ki, işin olmasın, istəyi var, qoy getsin.

İdmana peşəkar yanaşmam, idmandan pul qazanmağımda isə öz müəllimim – Vüsal Mərdanovun böyük əziyyəti olub. Onun əməyini ömür boyu itirə bilmərəm. Həyatdakı şansım həmin insandır. O, həyatımı dəyişib, düz yola yönləndirib. Ona “çox sağ ol” desəm də, azdır.

– Martın 30-da 23 yaşınız tamam olacaq. Hələ ərə getməyi düşünmürsünüz ki?

– Hələ fikrimdə yoxdur. O barədə heç düşünmürəm. Hələ karyera qurmaq, öz zalımın, maşınımın, şəxsi evimin olmasını istəyirəm. Heç kimə möhtac olmaq istəmirəm. Hərənin bir cür fikri var. Mən ər ümidinə qalmaq istəmirəm (gülür).

– Buradan müəllim kimi qazandığınız o puldan evə də çatır? Yoxsa hələ pulunuzu dediyiniz məqsədlər üçün yığırsınız?

– Maaşım subay adamı qane edəcək səviyyədə yaxşıdır. Arzularımdan biri də sürücülük vəsiqəsi almaq olub. Hələlik vəsiqə almışam, yəqin ki, gələcəkdə maşın da alaram (gülür).

– Yəqin, evləndiyiniz adamın idmançı olmasını istərsiniz. Daha əzələ quruluşu olmayan və ya az olan insanlarla evlənməzsiniz...

– Niyə ki?! Qismət. Məcbur deyil ki, həmin adam idmançı olsun. Ürəyi olsun, yetər.

– Adətən, idmançı olmayan adamlar qızların idmanla məşğul olmasına birmənalı şəkildə yanaşmırlar...

– Hə, bu da maraqlı məqamdır. Gərək o mənim idmançı karyerama qarışmasın. Ola bilsin ki, müəyyən məqamlarda məhdudiyyətlər qoyulsun. Mən kişinin sözündən çıxa bilmərəm.

Olmaz deyirsə, deməli, olmaz. Kişi kişidir, qadın da qadın. Hərənin öz yeri var. Qarşılıqlı hörmət olmalıdır. Hətta az da olsa, qadının kişidən qorxusu olmalıdır.

– Qadınlar fitnes-zala tez-tez gəlirlər?

– İndi tələbat çoxdur. Bəlkə də, indi ən çox pul qazanan fitnes-zallardır. Çox adam yeyir, yeyir, yaya yaxın bura arıqlamağa gəlir. Ən çox “sezon” mart-may aylarından başlayır. Soyuqlarda isə hamı “yatır”.

– Qiymətlər necədir?

– Demək olar ki, “Əhmədli”, “Xalqlar Dostluğu” ərazisində təriflənəsi yerlər varsa, biri də buradır. Həm yeni olmasına, həm havalandırma sisteminə, həm təmizliyinə, həm də aparatlarına görə. Aparatlar kifayət qədər çoxdur.

Qiymətləri 8 məşqə 28, 12 məşqə 35 manatdır. 50 manata isə hər gün gəlmək olar. Burada fərdi məşq yoxdur, müəllimlərlə, onların verdiyi proqramla işləyirsən. 100 faiz təminat verilir ki, ya arıqlayacaqsan, ya da kökələcəksən.

– Deməli, kökəlmək istəyənlər sizin kimi məşğul olmalıdırlar...

– Çoxu gəlib mənə deyir ki, yox-yox, mən sizin kimi olmaq istəmirəm (gülür). Halbuki onlar ömür boyu mənim kimi ola bilməzlər. Elə bilirlər ki, mənim verdiyim proqram üzrə məşq etsələr, əzələləri həddindən artıq şişər. Ancaq mənim kimi olmaq istəyənlər də var.

– Adətən, qızlar daha çox incə olmağa meyilli olur. Toylara getdiyinizdə geydiyiniz geyimlər zamanı əzələlər sizə mane olmur ki? Bu, sizdə hansısa kompleks formalaşdırmır ki?

– Əzələli olmaq xoşuma gəlir. Hətta deyərdim ki, əzələlərimlə fəxr edirəm. İncə də olmuşam. Onun da dadını çıxarmışam (gülür). Kobudluğa gəlincə, mən hər adamla kobud olmuram. İncə ilə incə, kobudla da kobud olmağı bacarıram.

– Küçədə hansısa oğlan sataşsa, özünüzü müdafiə etmək üçün döyüş növlərini bilirsiniz?

– Əslində, belə bir şey baş verib. Həm qızla, həm də oğlanla davam olub. Qızla davam olanda idmana getmirdim. İstirahət mərkəzlərindən birində bir içkili qıza baxdığım üçün mənim üzümdən şüşə ilə vurmuşdu. Sonra onunla əlbəyaxa olmuşdum. İndi həmin qızı görəndə heç nə olmamış kimi salamlaşırıq. Bir dəfə də tanış bir oğlanla dalaşmışam.

– Proteindən istifadə ilə bədən şişirdilir. Bəziləri ondan istifadə qaydalarını bilmədiyi üçün sonra zərər çəkir...

– Bizdə “protein” adı gələndə çoxları qorxur. Deyirlər, dərmandır, hormonal pozuntular yaradır. Əslində, belə deyil. Bu, yediyimiz əlavə qidadır. İynə, dərmanla əzələ şişirtmək ayrı şeydir.

Yumurta, düyünün tərkibi nədirsə, proteində də odur – karbohidratlardır. Ondan qorxurlar. Amma proteinsiz də inkişaf getmir. Çünki vaxtında yemək yemirik. Protein ancaq əzələyə gedir, vaxtsız yemək piyə.

– Ondan həddindən artıq çox istifadə də ziyandır?

– Əlbəttə ki. Necə ki, dərmanların öz dozası var, proteində də belədir. Onun öz istifadə qaydaları var.

– İdmanı dayandırdıqdan sonra əzələlərdə sallanmalar əmələ gəldiyini deyirlər. Bu, nə dərəcədə düzdür?

– Necə ki idman edəndə arıqlayırsan və ya kökəlirsən, idmanı dayandıranda da əvvəlki formana qayıdırsan. Amma dəridə sallanma ola bilməz.

Səbuhi TOFİQOĞLU

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.