AMFA-nın baş katibi: "Hazırda əsas məsələ milliyə baş məşqçi təyinatıdır"

Ötən ilin sentyabrında təsis olunmuş Azərbaycan Mini Futbol Assosiasiyası (AMFA) yeni layihəyə start verir.

Bu qurum “həvəskar futbola peşəkar baxış” şüarı ilə Alfa Liqa keçirməyə hazırlaşır. Budəfəki layihə qeyri-kommersiya fəaliyyətli, sosial yönümlü olması ilə diqqəti çəkir. Alfa Liqasının apreldə start götürməsi və iki ay ərzində keçirilməsi nəzərdə tutulub.

Assosiasiyanın yerləşdiyi “Azfar Qrup” şirkətində AMFA-nın sədri Elxan Əsədov və həmin qurumun baş katibi Azər Hüseynovla görüşdük. Azər Hüseynov bizi maraqlandıran suallara aydınlıq gətirdi.

Prosport.Az həmin müsahibəni təqdim edir:

– Azərbaycan Mini Futbol Assosiasiyasının təsis olunmasına qədərki yolunuz nədən ibarət olub?

– Biz bu yerə anidən gəlməmişik. Əvvəl gördüyümüz uzunmüddətli işlərin məntiqi ardıcıllığı olaraq bu assosiasiyanı təsis etmək qərarı vermişik. 2008-ci ildə “Azfar Qrup”un ilk stadionunu təhvil verəndə Azərbaycana ilk dəfə “mini futbol” anlayışını gətirdik. Bunadək bu, “küçə futbolu”, “məhəllə futbolu” kimi adlandırılırdı. Biz tam infrastruktura malik stadionlarımızı məhəllədə futbol oynayan insanların ixtiyarına verməklə “mini futbol” anlayışını formalaşdırmağa başladıq. Artıq çoxlu həvəskar futbolçu kütləsini öz ətrafımızda toplamışıq. Hazırda bizim 15 ünvanda 29 stadionumuz fəaliyyət göstərir. Avropada da “Azfar Qrup”un fəaliyyətə başladığı dövrdə “mini futbol” anlayışı inkişaf etməyə başlamışdı.

Həmin dövrdə artıq Dünya Minifutbol Federasiyası və Avropa Minifutbol Federasiyası təsis olunurdu. Bu qurumlar artıq ölkələrdə fəaliyyət göstərən mini futbol assosiasiyalarını öz bayraqları altında cəmləşdirməyə başladı. Bu yerdə biz də artıq hiss etdik ki, öz yerli futbolumuzu beynəlxalq arenaya çıxaraq. İstədik ki, mini futbolu kommersiya fəaliyyətindən kənara çıxaraq. Bu artıq sosial yönümlü bir fəaliyyətə və “mini futbol” anlayışı bir brendə çevrilməlidir.

Əsas konsepsiyamız “həvəskar futbola peşəkar yanaşma”dır. Bizə görə bunun ən pik nöqtəsi beynəlxalq arenada Azərbaycanı təmsil etmək və beynəlxalq standardları ölkəmizə gətirməkdir. Bunun da məntiqi davamı olaraq bu assosiasiyanı ötən il təsis etdik. Bəlli məqsədlərimiz var. İlkin olaraq məqsədimiz Azərbaycanda mini futbol üzrə çempionat – Alfa Liqa keçirməkdir. Buna hələ ki Bakıda start vermişik. Daha sonra Sumqayıt və Gəncədə belə liqa keçirməyi planlaşdırmışıq. Alfa Liqa keçirməkdə həm də məqsədimiz ondan ibarətdir ki, güclü oyunçuları seçib milli komanda formalaşdıraq.

Millimiz formalaşdıqdan sonra avqustda Kiyevdə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Həmçinin Alfa Liqanın çempionu olmuş komanda bu il Sloveniyada keçiriləcək Avropa Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək. Gələcək planlarımız isə ondan ibarətdir ki, mini futbol üzrə dünya və Avropa çempionatlarını Azərbaycanda keçirək.

Yeri gəlmişkən, assosiasiyanın fəaliyyəti artıq digər şirkətlərin də diqqətini cəlb edib. Artıq “Bakcell” şirkəti ilə baş sponsorluq haqda əməkdaşlıq müqaviləsi imzalamışıq. Onlar da inanır ki, bizim qurum mini futbolun inkişafına töhfə verə bilər.

– Bildiyimiz kimi, yaxınlarda siz Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak etmisiniz. O iclasda nələr müzakirə olundu?

– Bu yığıncaq ildə iki dəfə keçirilir. Həmin iclasa bütün üzv ölkələr yığışır. Budəfəki toplantıda 30-dan çox ölkənin nümayəndəsi iştirak edirdi. Burada bir sıra məsələlər müzakirə olundu və səsə qoyuldu. Bunların arasında Azərbaycan Mini Futbol Assosiasiyasının üzvlüyü də müzakirə olundu.

Təqdim etdiyimiz meyarlar tələb olunan şərtlərə cavab verdiyindən, üzvlüyə qəbul olunan üç ölkədən biri olduq. Ermənistan Avropa Minifutbol Federasiyasının şərtlərini yerinə yetirmədiyindən üzvlükdən çıxarıldı.

Avropa Minifutbol Federasiyası artıq kişilərlə yanaşı, bu idman növünü qadınlar, eləcə də, biznes subyektləri arasında keçirməkdə maraqlıdırlar. Bildiyiniz kimi, biz artıq bu yöndə Azfar Biznes Liqası keçiririk. Avropa Mini Futbol Federasiyası həmçinin bu idman növünü bəlli kateqoriyalar üzrə, məsələn, U-19 və U-21 yaş kateqoriyalarına aid komandalar üzrə inkişaf etdirmək istəyir.

– Assosiasiyanın strukturu tam formalaşıbmı? Məsələn, assosiasiya daxilində Hakimlər Komitəsi, İntizam Komitəsi kimi qurumlar yaradılıbmı?

– Praktiki olaraq, biz artıq kiminlə işləyəcəyimizi müəyyənləşdirmişik. Bizdə infrastruktur təminatına “Azfar Qrup”, təşkilati məsələlərə isə ASEP şirkəti baxır. Artıq hakimləri liqalara cəlb edəcək insan müəyyənləşib və bu yöndə işlər aparılır. Mövcud layihələr üzərində zərurət doğuran strukturlarımız var. Gələcəkdə layihələrimiz çoxaldıqca, sözsüz ki, strukturda da şaxələnmə olacaq.

– Rusiya mini futbolda qabaqcıl ölkələrdəndir. Onlarla əməkdaşlıq nəzərdə tutulubmu?

– Əlbəttə. Bizim Budapeştdə olarkən Rusiya mini futbol komandasının baş məşqçisi və meneceri ilə görüşümüz baş tutdu. Rusiya mini futbolda səviyyəcə yüksəkdə olan ölkələrdən biridir. Bunu onların nəticəsinə baxıb görmək olar. Rusiya 6x6, 7x7 və 8x8 formatda böyük nailiyyətlər əldə edib. Məsələn, ötən il 7x7 formatda dünya çempionu və 6x6 formatda Avropa çempionu olub. Orda bu il 8x8 formatında Kontinental Futbol Liqası keçiriləcək. Təcrübə toplamalı olduğumuz ölkələrdən birincisi Rusiyadır. Ona görə də qarşı tərəflə söhbətimiz bizim Rusiyaya və ya onların Azərbaycana gəlməsi yönündə oldu.

– Milli komandanın üzvlərinin seçilməsi ilə bilavasitə kim məşğul olacaq?

– Sözsüz ki, milli komanda üçün əsasən Alfa Liqanın ən yaxşı oyunçularına diqqət yetirəcəyik. Ancaq milli naminə Alfa Liqadan da kənara çıxacağıq, digər liqalara da nəzər yetirəcəyik. Ola bilsin ki, heç bir liqada oynamayan yaxşı futbolçuları da yığmaya cəlb edək. Hazırda bu yöndə əsas işimiz milliyə baş məşqçi namizədlərinə baxmaqdır.

Düşünürük ki, baş məşqçi təyin olunduqdan sonra seleksiya işlərinə məsuliyyət ona keçəcək. Ona görə də namizədlərlə söhbət edərkən öncə soruşuruq ki, milliyə düşündüyü futbolçular varmı? Əksəriyyəti də əmindir ki, belə futbolçular var. Bu anda bizim üçün əsas məsələ milliyə baş məşqçi təyinatıdır.

– Həmin məşqçi yerli olacaq?

– Bəli. Ümumiyyətlə, bizim konsepsiyamız ondan ibarətdir ki, gördüyümüz layihələrdə yerlilərə üstünlük verək. Bu, məşqçiyə də, futbolçulara da aiddir.

– Yaxın zamanda Alfa Liqası adlı mini futbol çempionatına start verəcəksiniz. Çempionatın adının Alfa Liqa adlandırılmasının xüsusi anlamı varmı?

–  Biz assosiasiyanın brend xəttini qurarkən “mini futbol ulduz sistemi” konsepsiyasına gəlib çıxdıq. Çünki bu assosiasiya həvəskar mini futbolçular arasından potensial ulduzları özündə birləşdirəcək. Layihəmiz hər bir həvəskar mini futbolçuya beynəlxalq arenaya çıxmaq və ulduz olmaq imkanını verir.

Ulduzlardan ibarət top şəklindəki loqomuz da məhz bu ulduz sistemini özündə tərənnüm edir. Liqanın adının belə adlandırılması da məhz bu konsepsiyadan qaynaqlanır. Alfa adlı ulduz səmada olan ən parlaq ulduzlardan biridir. Həmçinin “Alfa” “qalib olan”, “birinci” olan anlamını verir. Ona görə də liqanın adını belə qoyduq ki, bu bizim ümumi ulduz konsepsiyamızın bir hissəsi olsun. Alfa Liqanın devizinin “Ulduz olmaq vaxtıdır!” olması da təsadüfi deyil.

– Alfa Liqası üçün artıq komandaların qeydiyyat prosesinə start verilib. Qeydiyyat üçün tələb olunan şərtlər nədən ibarətdir?

– Biz reqlament tərtib edərkən Avropa qaydalarını əsas tutduq. Yaş 18-dən yuxarı olmalıdır. Ən önəmli məsələ də peşəkar futbolçulara icazə məsələsidir. Avropa standardlarında həvəskar futbolçuya yanaşma bizim adət etdiyimiz liqaların yanaşmasından fərqlidir. Onlar son bir ildə peşəkar müqaviləsi olmayan futbolçuları həvəskar kateqoriyasına aid edirlər. Yəni, futbolçu bu idman növündən pul qazanmırsa, həmin insan həvəskar sayılır. Həmin insan peşəkar futbol sərgiləsə belə, son bir il ərzində hər hansısa peşəkar kluba bağlılığı olmayıbsa, bu çempionatda oynaya bilər.

Lakin bununla belə, yerli həvəskar futbolçularımızla da müzakirələrimiz olur, onlar müəyyən şərtlərdə yumşaqlıq edilməsini, güzəştə gedilməsini istəyirlər. Biz çalışırıq ki, obyektiv olaq və onların istəklərini nəzərə alaq. Amma bununla belə, Avropa standardlarını da nəzərə almağa çalışırıq.

Çünki yerli liqada biz qaydalarda ciddi güzəştlərə getsək, Avropa yarışlarında bizim komandalarımızın rəqabət davamlılığı aşağı olacaq. İstənilən halda çalışırıq ki, həm yerli futbolçuların istəklərini nəzərə alaq, həm də Avropa standardlarından çox kənara çıxmayaq. Bütün bunları biz reqlamentdə nəzərə alaraq, həvəskarlar futbolçulara daha səmərəli sərtlər yaradacağıq.

– Alfa Liqası keçirilərkən AFFA-dan müəyyən praktik dəstək alınması mümkündürmü?

– AFFA Azərbaycanda futbol üzrə ən ali qurumdur. Sözsüz ki, onlardan öyrənməli həddindən artıq çox iş var. Biz onlardan təcrübə alınmasında maraqlıyıq. Bildiyiniz kimi, mini futbol futzala yaxın növdür. Futzalda uzun müddətdir ki, peşəkar futbol liqaları fəaliyyət göstərir. Biz isə bu məsələlərdə hələ yeniyik.

Artıq biz tərəfdən AFFA-ya əməkdaşlıqla bağlı müraciət olunub. Onlar da bu məsələyə kifayət qədər loyal münasibət göstəriblər və bizim əməkdaşlığa açıqdırlar. İstənilən halda bizim AFFA ilə əməkdaşlığa və onlardan müəyyən məsələlərdə məsləhətlər almağa ehtiyacımız var. Ola bilsin ki, gələcəkdə AFFA ilə əməkdaşlığımız lap yüksək səviyyədə – rəsmi qaydada olsun.

– Alfa Liqasının mətbuatda işıqlandırılması nə dərəcədə nəzərdə tutulub?

– Biz telekanallardan ATV şirkəti ilə əməkdaşlıq edirik. Artıq bu gündən etibarən ATV telekanalında Alfa Liqanın anonsu işıqlandırılır. Bundan başqa, ATV-nin 106.3 radiosunda da anonslar səsləndirilir. Liqa başlandıqdan sonra isə sözügedən telekanalda həftəlik icmallar veriləcək.

Öz internet resurslarımızda da oyunlardan videogörüntülər olacaq. Həmçinin bizimlə əməkdaşlıq edən digər media orqanlarında da bu məlumatlar yerləşdiriləcək. Bundan başqa, ən güclü oyunçulardan maraqlı müsahibələr etmək kimi planlarımız var. İstəyirik ki, çempionatı kifayət qədər interaktiv edək. Yəni, çempionatın tək futboldan ibarət olmamasını, oyundan kənar amilləri də göstərməklə həvəskar futbolçularda maraq formalaşdırmaq istəyirik.

– Bayaq hakimlərin cəlb edilməsi məsələsini qeyd etdiniz. Yəqin ki, bunun üçün AFFA-ya müraciət olunacaq...

– Bu barədə danışmaq bir qədər tezdir. Çünki liqanın başlanmasına hələ uzun müddət var. Biz hələ hakimlərlə bağlı namizədləri nəzərdən keçirməmişik. Amma sözsüz ki, AFFA-nın hakimlərlə bağlı dəstəyi, bizə verdiyi təcrübə böyük rol oynayacaq. (Oxu.Az)

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.