Kristyan Karanbö İlham Əliyevlə görüşündən danışdı - EKSKLÜZİV

Yanvarın 24-dən etibarən futbol üzrə dünya kuboku 50-dən çox ölkədə nümayiş etdirilməsi üçün tura çıxarıldı.

 

Azərbaycana qədər 16 ölkədən - Şri Lanka, Maldiv adaları, Tailand, Vyetnam, Makau (Çin), Tonqa, Solomon adaları, Papua Yeni Qvineya, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ermənistan və Gürcüstandan keçən kubok dünən məhz paytaxtımızda nümayiş etdirildi (kubok bu gün səhər artıq Avropaya aparılıb və Maltanın paytaxtı Vallettada nümayiş olunacaq. Tur aprelin 30-da Yaponiyanın Osaka şəhərində başa çatacaq). 

Dünya kubokunun nümayiş etdirilməsində FİFA-nın səfiri Kristyan Karanbö də yaxından iştirak etdi. Fransa millisi ilə dünya və Avropa çempionu olmuş, “Real”la Çempionlar Liqası, UEFA Superkubokunu qazanmış Kristyan Karanbödən ölkəmizi tərk etməzdən əvvəl Prosport.Az olaraq kiçik bir müsahibə götürə bildik. Öncədən müsahibənin baş tutmasında köməyi dəymiş “Coca Cola” şirkətinin Kommunikasiya üzrə region meneceri Elşad Fərzəliyevə təşəkkurümüzü bildiririk:

- 3 il əvvəl Avropa Oyunlarında çimərlik futbolunun püşkatma mərasimi ilə bağlı Bakıya təşrif buyurmuşdunuz. Həmin illərlə bağlı nə kimi dəyişikliklərə şahid ola bildiniz?
- Şəhəriniz çox gözəl, çox müasirdir. İçərişəhəri qorumağınız çox yaxşı haldır. Xüsusən Xəzər Dənizinin sahili çox gözəldir. Təbii ki, sizin şərabınızın, mətbəxinizin dadını da bilirəm. Bakı idman şəhəridir, xeyli idmana dair burda infrastruktur var. Bilirəm ki, daha çox Avropa Oyunları ərəfəsində bu infrastruktur çoxaldıldı. Bu infrastrukturu təkmilləşdirməklə gənclərin idmana olan marağını dəsrəkləyirsiniz, onların inkişafına zəmin yaradırsınız. Gördüyümüz kimi, artıq "Qarabağ" klubu Avropa miqyasında uğurla çıxış edir. Bu idmançı gənclərə ilham verir. Eləcə də FİFA dünya kubokunun Bakıya gətirilməsi gənclərə böyük stimuldur. İnanırıq ki, bu kimi tədbirlər milyonlarla insanın futbol xəyallarının həyata keçməsinə imkan verəcək.

- Fransa vətəndaşı olsanız da, Yeni Kaledoniyada doğulmusunuz. Okeaniyada Azərbaycan futbolu haqda hansı bilgilərə sahibdirlər?
- Əlbəttə. Futbol qlobal bir oyundur. Üstəlik, Yeni Kaledoniya Avstraliya qitəsində yerləşsə də, Fransa ərazisi və eləcə də Avropanın bir hissəsi hesab olunur. Qeyd etdiyim kimi, futbol qlobal idman növüdür. Onu televiziya, internet vasitəsilə milyonlarla insan izləyir. Təbii ki, Yeni Kaledoniyada Bakının harda yerləşdiyindən xəbərdardırlar.

- Ölkə başçısı İlham Əliyevlə görüşdünüz. Söhbətinizdən qısa xülasəni bizimlə paylaşarsınızmı?
- Daha çox futbol haqda söhbətimiz oldu. O, futbolu çox sevir. Prezidentiniz idmanı dəyərləndirən bir şəxsdir. Onunla dünya kubokunun simvolik rolundan danışdıq. Bilirik ki, bu kuboka ancaq dünya çempionları və ölkə başçıları toxuna bilər. Ona görə də ölkə başçısı qanuni hüququndan istifadə edərək 6 kq çəkiyə malik kuboku əlinə aldı.

- Əvvəlki turlarınızda ölkə başçıları ilə görüşmüşdünüzmü?
- Yox, ilk belə hal idi. O, çox mehriban, çox nəzakətli, çox qonaqpərvər bir insan təsiri bağışladı. Bu səfərin baş tutmasına görə AFFA-ya da təşəkkürümü bildirirəm. Çünki onlar kubokun Azərbaycana gətirilməsində kömək etdilər.

Səbuhi TOFİQOĞLU

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.