Zaur Axundov: "İcra başçısını "Keşlə"yə biz dəvət etmişik" - MÜSAHİBƏ

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun Prosport.Az saytına müsahibəsi

- Millimiz İranla 2 yoldaşlıq oyunu keçirdi. İlk oyunda 3:3 hesabı qeydə alınsa da, ikinci matçda 1:4 hesabı ilə uduzduq...
- Düşünürəm ki, bu matçlar Avropa çempionatı öncəsi faydalı oldu. İran da Asiya çempionatına hazırlaşır və dünya reytinqində “3-lük”də olan ölkədir. Bakıya da güclü heyətlə gəlmişdilər. Bu matçlarda millimizin zəif yerləri göründü.

- Bizim millidə xüsusən anlaşma baxımından geriləmə görünür. Bu nə ilə bağlıdır?
- Əsas oyunçularımızdan Vitali Borisov, Vasora, Fineo legioner karyerası yaşayır. Üstəlik, Tyaqo zədəli olduğundan, 2 matçda da oynamadı. Əvvəl adını çəkdiyim oyunçular “Araz”da oynayırdı deyə, anlaşma baxımından problem yox idi. Bu oyunçular 7-8 gündür ki, bir yerdədirlər. Vasora da gördüyünüz kimi, ikinci oyunda yox idi. Onun BƏƏ klubu ilə vacib oyunu olduğundan, Dubaya qayıdıb. Ancaq düşünürəm ki, fevralın 2-də Fransa ilə oyunumuzda bu futzalçılar bir-birlərini yaxşı başa düşəcəklər.

- “Araz”ın UEFA Kubokunda gözlənilməz uğursuzluğundan sonra siz texniki heyətdə yer almırsınız. Bu geriləmə sizin texniki zonaya yaxın olmamağınızla bağlı ola bilərmi?
- “Araz”ın həmin turnirdəki çıxışında texniki zonada ola bilmədim. Təbii ki, futzalçılar da artıq öyrəşib ki, mən texniki zonada olum. Özləri də deyir ki, bu onlara əlavə stimul verir. Deməzdim ki, oyunçulardan ayrı düşmüşük. Söz verirəm ki, Avropa çempionatında komanda ilə birgə texniki zonada olacağam.

- Çempionatın 16 qolla bombardiri olan Renat Sultanovun yığmaya çağırılmamasını millinin baş məşqçisi Alesio da Silva onun çimərlik futboluna çağırılması ilə əlaqələndirdi. Ancaq halbuki belə deyil. Oyunçunun özü isə çağırılmamasını başqa səbəblərlə - yerlilərə qiymət verilməməsi ilə əlaqələndirir...
- Yox, sizə federasiya rəhbəri kimi əminliklə deyirəm ki, onun çağırılmamasında heç bir səbəb ola bilməz. Yerlilərdən Namiq Məmmədkərimov, Nihad İsmayılov, Samir Həmzəyev kimi oyunçular yığmaya çağırılıb. Yəni Alesio düz deyir. Bilmirəm, Renat çimərlik futbolu yığmasına çağırılıb-çağırılmayıb. Ancaq Alesio təcrübəli məşqçidir. Seçimi onun özü edib. Birinci 20 nəfəri yığmaya çağırmışdı, sonra sayı 18-ə endirdi. Məşq prosesinə baxıb, kimin hazır olub-olmamasına Alesio qərar verir. Burda kiməsə ayrı-seçkilik ola bilməz. İndiyədək belə şey olmayıb, bundan sonra da olmayacaq. Düşünürəm ki, bu, əsassız bir məsələdir.

- Yığma qrupdan çıxa bilməsə, faciə olacaqmı? Bir də məqsəd ancaq qrupdan çıxmaqdırmı?
- Təbii ki, xeyr. Mən heç bu barədə fikirləşmək də istəmirəm. Artıq 5-ci dəfədir ki, biz Avropa çempionatında iştirak edirik. Futzalda hər şey mümkündür. Görürsünüz ki, Fransa millisi Xorvatiya kimi güclü yığmanı yenib Avropa çempionatına çıxmağa qoymadı. İndi görün ki, bu fransızlarda nə qədər stimul var. Bəlkə də onlar 12 iştirakçı arasında ən çox ruh yüksəkliyi ilə turnirə qatılan komandadır. Yəqin ki, İspaniya ilə oyunda güclərini bizimlə matça saxlayacaqlar. Xatırlayırsınızsa, 2010-cu ildə Macarıstandakı qitə çempionatında ilk dəfə iştirak edəndə biz IV yerə çıxdıq. İndi onlar da ilk dəfə bu turnirə vəsiqə qazandıqlarından, eyni istəklə mübarizə aparacaqlar. Serbiya və İtaliya kimi güclü komandalarla yoldaşlıq oyunları keçiriblər. Kim fikirləşirsə ki, Fransa ilə oyunumuz asan olacaq, səhv fikirləşir. Bəlkə də çempionatın ən baxımlı oyunu Fransa ilə Azərbaycan arasında baş tutacaq.

- Elə Alesio da deyib ki, əsas oyunumuz Fransayladır...
- Təbii ki. Biz bu oyunda qalib gəlsək, 100 faiz növbəti mərhələyə vəsiqə qazanırıq.

- Siz həm də “Keşlə” klubunun Müşahidə Şurasının sədrisiniz. İlk dəfə Müşahidə Şurasının üzvləri Ramiz Məmmədovun baş məşqçi postunda Yuri Maksimovla əvəzlənməsi zamanı göründü. Lakin klubunuzun rəsmi saytında həmin şəxslər haqda məlumat verilmədi. Mətbuatın araşdırmasına görə, həmin şəxslərin kimliyi bilindi və o da məlum oldu ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov da sizin şurada yer alır. Açığı, hansısa icra başçısının bir klubun Müşahidə Şurasında yer alması bir ilk idi...
- Klubun adından da göründüyü kimi, biz Keşlə qəsəbəsini təmsil edirik. Keşlə qəsəbəsi isə ərazi olaraq Nizami rayonuna tabedir. Arif müəllimin özü də idmana yaxın adamdır. Səhv etmirəmsə, uzun müddət güləşlə məşğul olub. Təbii ki, həm də futbolla maraqlanan bir insandır. Bu amillərə biz onu “Keşlə”nin Müşahidə Şurasında yer almağa dəvət etdik.

- Yaxınlarda “Keşlə”nin Müşahidə Şurasının bir araya gəlməsi nəzərdə tutulubmu?
- Təbii ki. Bildiyiniz kimi, “Keşlə” hazırda Antalyada təlim-məşq toplanışı keçir. Mən isə futzal üzrə Avropa çempionatı üçün Sloveniyaya gedirəm. Fevralın 11-də Azərbaycan Premyer Liqası başlayacaq. Yəqin ki, ilk 2 turdan sonra yenidən yığışacağıq. Həm Antalya toplanışı, həm həmin 2 tur, həm də digər cari işlərə dair müzakirələr aparacağıq. Bunsuz qeyri-mümkündür. Müşahidə Şurası azı ayda 1-2 dəfə yığışmalıdır.

- Belə çıxır ki, “Keşlə”nin təlim-məşq toplanışında iştirak edə bilməyəcəksiniz...
- Xeyr. Çox istərdim ki, iştirak edim və yeni futbolçuları yaxından görüm. 2 yeni futbolçu da artıq düşərgədir. Orda 3 yoxlama oyunu keçirilməsi nəzərdə tutulub. Ancaq Avropa çempionatı daha vacib turnir olduğundan, Türkiyəyə gedə bilməyəcəyəm.

- Antalyaya Müşahidə Şurasından kiminsə getməsi nəzərdə tutulubmu?
- Xeyr.

Səbuhi TOFİQOĞLU

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.