Yunis Hüseynov: "Deyirlər, “Kəpəz”ə vaqonla, avtobusla legionerlər gəlir" - MÜSAHİBƏ

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun Prosport.Az-a müsahibəsi

- Bizdə hazırda 4 oyunçu baxışdadır. Bunlar Saşa Yunisoğlu, Ruslan Tağızadə, Elşən Rzazadə və Elxan Cəbrayılovdur. Onlar haqda artıq qərarımızı vermişik. Lakin bunu hələ mətbuata açıqlamaq istəmirəm. Rəsmi sayt vasitəsilə biləcəksiniz.

- Tərzin Cahangirovla müqavilə bağlamısınız?
- Bəli.

- Klubunuzun saytında yalnız Murad Səttarlı, Roman Hüseynov və Samir Zərgərovun sizə keçdiyi elan edilib. Başqa kimlərlə müqavilə bağlamısınız?
- Legionerlərlə. Bunlar Dieqo Souza, Sergey Litovçenko və Ciuli Mancqaladzedir. Koreyanın "Seoqnam" klubundan ayrılmış "Kəpəz"in sabiq futbolçusu Dario Frederiko da Silva isə komandaya Antalyadakı təlim-məşq toplanışında qatılacaq.

- Aleks Nimeli ilə müqavilə imzalanmadı. Saytımızda belə bir xəbər var idi ki, liberiyalı hücumçu həm də intizamsız futbolçu olub. Bir sözlə, Limelini intizamsız futbolçu olduğu üçün göndərdiniz, yoxsa həqiqətən də zədəsi var idi?

- Bilmirəm ki, onun haqda nə yazılıb. Bu barədə oxumamışam. Ancaq bunu eşitmişdim ki, deyirlər, guya “Kəpəz”ə vaqonla, avtobusla legionerlər gəlir. Siz özünüz də şahid oldunuz ki, bizə avtobusla heç vaxt legioner gəlməyib. Bir də bunu deyənlər Nimelinin və Azərbaycanda olan digər legionerlərin CV-lərinə baxsınlar ki, elə bir karyerası olan oyunçuya rast gələ biləcəklər? O, "Mançester Siti", "Midlsbro" kimi komandaların futbolçusu olub. Biz onu baxışa dəvət etmişdik. Sadəcə, ayağında zədə çıxdı və biz də onu yola salıb göndərdik.

- Məsələ orasındadır ki, Nimeli İngiltərə II divizionunda oynayan zaman öz komandası ilə müqaviləsi ola-ola başqa klubun heyətində məşqlərə çıxıb və ya "Mançester Siti"də olduğu vaxt içkili halda maşın sürərək cəzalandırılıb. İntizamsızlıqları çox olub...

- Bu barədə bilmirdim. Amma hamı içki içə bilər. Biz bilirsiz necəyik? Yaxşını qoyub pisi axtarırıq. “Mançester Siti”nin oyunçusu olub. Mənə də təklif edilmişdi. CV-nə baxmışdım, oyunlarını izlədim və bəyəndim. Mən də onu baxışa dəvət etmişdim, birbaşa müqaviləyə yox. Dedik ki, yaxşı olar. Ancaq burda 2 gün oldu, ayağında zədə oldu deyə göndərdik.

- Belə çıxır ki, zədəsi əvvəldən var imiş...
- Əvvəldən zədəsinin olub-olmadığını bilmirəm. Amma bu insan bizdə olarkən zədəli çıxdı. Burda problemli bir şey yoxdur axı...

- Ukraynalı qolkiper Sergey Litovçenkonun gəlişi o deməkdir ki, təcrübəli Davud Kərimi bundan sonra ikinci qapıçı olacaq?

- Bizdə bu dəqiqə əsas və ehtiyat heyət yoxdur, rəqabət var. Kim yaxşı olacaqsa, o da əsas heyətdə oynayacaq.

- Heyətdən çox futbolçu göndərildi. Onların yoxluğunu doldurmaq mümkün olacaq?

- İnşallah, biz də buna çalışırıq. Vallah, əlimizdən gələni edirik. İstəyirik ki, komandamız nəsə bir az yaxşı olsun.

- Yeni transferiniz Dieqo Souza uzun müddətdir ki, futbol oynamır. Onun durumu nə yerdədir?

- Yaxşı durumdadır. Artıq çəkisi, demək olar ki, yoxdur. Məşqlərə çıxacaq, baxacağıq.

Səbuhi TOFİQOĞLU

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.