Ruslan Əmircanov xəbər gözləyir: "Bu mənə də qaranlıq qalır"

Millimizin sabiq müdafiəçisi Ruslan Əmircanov hələ də klubsuzdur.

Prosport.Az xəbər verir ki, ötən mövsüm AZAL elitadan düşdükdən sonra klubsuz qalan Əmircanov formadan düşməmək üçün "Səbail"lə məşq edirdi. Daha sonra mətbuatda onun bu kluba keçəcəyi yazıldı. Lakin müqavilənin bağlanmaması klubun onu heyətinə cəlb etməkdən imtina etdiyinə dair şayiələri çoxaltdı.

Bunun üçün Ruslan Əmircanovla əlaqə saxladıq: "Klubun məndən imtina etməsi ilə bağlı deyilənlər söz-söhbətdir. Mənə deyilib ki, qış fasiləsində mənimlə müqavilə bağlanılacaq. Sadəcə olaraq, hələ ki klubdan bir xəbər yoxdur. Bildiyimə görə, "Səbail" artıq 2 gün sonra hazırlıqlara başlayacaq. Ancaq onlardan bu yöndə bir səs çıxmır. Bu mənə də qaranlıq gəlir. Özüm əlaqə saxlayıb klubdan taleyimlə bağlı fikir öyrənməyə çalışacağam. Çünki mən də çempionat başlamamış işimi bilməliyəm".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.