Jezniçak: "İlham Əliyevlə görüşə getməzdən öncə dostlarımdan biri mənə dedi ki..."

“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

Prosport.Az xəbər verir ki, müdafiəçi Ağdam klubu ilə müqaviləsinin başa çatacağı 2019-cu ildən sonra da geri dönmək niyyətində deyil. Polşa çempionatını cəhənnəmə bənzədən Yakub Azərbaycanda rahatlıq tapdığını vurğulayıb: 

“Həyat məni məcbur etməsə, ölkə xaricində oynamağa üstünlük verəcəm. Şübhəsiz ki, xaricdə çıxış etmək bizim cəhənnəmdən yaxşıdı. Mən burada istirahət edirəm. İnsanlar bizə daha çox hörmət edirlər. Hətta sosial şəbəkələrdə azarkeşlərlə sıx ünsiyyətimə görə mənə mükafat kimi hədiyyə də təqdim olundu. Polşada isə yalnız məşq etməli və internetdən uzaq durmalı olduğumuzu eşidirdim”.

Jezniçak “Qarabağ”a keçidinə görə sevindiyini də gizlətməyib: “Qarabağ”a keçid ən yaxşı qərar idi. İnsan bir yerdə həddən artıq çox qalanda monoton olur. Mənə yenidən problemlər lazım deyil ki, onların üzərində baş sındırım. Burada daha rahat şəkildə oynayıram. Ən önəmlisi odu ki, atdığım addımın sonu müsbət nəticə verdi və Çempionlar Liqasında çıxış etdim. Karyeram təəccüblü hadisələrlə zəngindi. Bu üzdən də məni heç nə təəccübləndirə bilməz”.

Polşalı müdafiəçi dostunun ona məsləhət gördüyü bir məsələ barədə də danışıb: "Prezident İlham Əliyevlə görüşə getməzdən öncə dostlarımdan biri mənə dedi ki, görüşdə ölkə başçısı ilə foto çəkdir. Həmin fotonu pulqabına qoy. Əgər Yol Polisi səni saxlasa, onlara göstər. Səni o dəqiqə buraxacaqlar".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.