Oyunçuların Statusu və Transferi Komitəsinin katibi: "Sədr dəyişikliyi anidən oldu"

"Keşlə"nin icraçı direktoru Rəmiş Malıyevin AFFA Oyunçuların Statusu və Transferi Komitəsində sədrlikdən çıxarıldığını xəbər vermişdik.

Prosport.Az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən onun yerinə daha gənc kadr olan Nailə Rüstəmzadə sədr təyin olundu. Ancaq bu, Rəmiş Malıyevin bu komitədən tamamilə uzaqlaşdırılması anlamına da gəlməməlidir.

Belə ki, bu komitənin katibi Kamran Cəbrayılovla əlaqə saxladıq. AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin əməkdaşı, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi olan Cəbrayılov özü də bu məsələnin hələ tam bilinmədiyini qeyd etdi: "Sədr dəyişikliyi anidən oldu. Bu üzdən növbəti toplantıda üzvlərin kimliyi bilinəcək. Hazırda icraatda da iş olmadığından, növbəti toplantının nə vaxt olacağı da dəqiq bilinmir. Ancaq böyük ehtimalla, sədrlə sıravi üzv arasında yerdəyişmə olub. Yəni Rəmiş Malıyev bu komitədə bundan sonra üzv kimi fəaliyyət göstərəcək".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.