Riad Rəfiyev təsdiqlədi: "Rəşad Sadıqovun Roma və Mançesterə səfərini bu şirkət təşkil edib"

21 və 20 yaşadək millimizin baş məşqçisi Rəşad Sadıqovun Pro kateqoriyasının tələbi kimi İtaliya və İngiltərə klublarında təcrübə keçməsi müəyyən söz-söhbətlərə yol açıb.

Prosport.Az xəbər verir ki, "3R Sports Menecment" şirkəti öz "feysbuk" səhifəsində Sadıqovun şəkillərini yerləşdirməklə bu səfəri onların təşkil etdiklərini bildirməyə çalışıb.

Şirkətin rəhbəri sayılan Riad Rəfiyev də saytımıza açıqlamasında bunu təsdiqləyib: "Bu şirkət bu il yaradılıb. "3R Sports Management" şirkəti azərbaycanlı məşqçilərin xarici klublarda təcrübə keçməsi və yerli futbolçuların əcnəbi klublara transferinin müasir standartlar səviyyəsində həyata keçirilməsinə yardım göstərmək funksiyası daşıyır. Eyni zamanda, əcnəbi skautların, seleksiyaçı-məşqçilərin Azərbaycana gəlməsinə, ölkə futboluna yaxından bələd olmasına yardım göstərmək məqsədilə yaradılıb. Rəşad Sadıqov da bu şirkətin xidmətləri çərçivəsində Roma və Mançesterdə olub".

3R Sports Management adlı şəxsin şəkli.

Doğrudan da şirkətin "feysbuk" səhifəsində xidmət sahələri kimi bunlar göstərilib:

- Azərbaycanlı ixtisaslı məşqçilərin (UEFA C, B, A və Pro kateqoriyalı) xarici klublarda təcrübə keçməsi üçün göndərilməsi;
- Azərbaycanlı futbolçuların xarici klublara transfer olunmasına vasitəçilik etmək;
- Perspektivli oyunçuların kəşf edilməsi, idmançı və şəxsiyyət olaraq yetişdirilməsinə dəstək vermək;
- Avropa klublarının skautlarının ölkəmizə dəvət olunması, qarşılanması, yerli oyunları izləmələrinə şərait yaradılması;
- Futbolçular üçün sponsorluq məsələlərinin həllinə yardımçı olmaq;
- İdman tədbirlərinin və idman qurğularının idarə edilməsi.

Şirkətin əməkdaşlıq etdiyi futbolçular arasında millimizin üzvləri - Rişard Almeyda, Əfran İsmayılov, Araz Abdullayev və Emin Mahmudovun olmasına da rast gəlmək olar. Həmçinin o da məlum olur ki, bu şirkət Elxan Abdullayev və Baba Əsgərovun Rusiyanın ÇSKA klubunda 1 həftəlik təcrübə keçməsini də təmin edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.