"Səbail"ə heç cür uyğunlaşa bilmədim" - Amit Quluzadə

“Səbail” dünən yarımmüdafiəçisi Amit Quluzadə ilə yollarını ayırıb.

Prosport.Az xəbər verir ki, futbolçu və klub arasında qarşılıqlı anlaşmaya əsasən, müqaviləyə vaxtından əvvəl xitam verilib. 

Bununla da Amit Quluzadə azad agent statusu əldə edib. Karyerası ərzində "Neftçi", "Ərciyəsspor" (Türkiyə), "Rəvan", "Qəbələ", "Atletiko" (Portuqaliya), "Sumqayıt", AEL (Yunanıstan) klublarının şərəfini qorumuş Quluzadə bu ilin yayından "Səbail"in uğurları üçün çalışırdı.

Onunla əlaqə yaradaraq klubla müqaviləsinə xitam verilməsi haqda fikirlərini öyrəndik: "Səbail"ə yayda keçməzdən əvvəl mənim Yunanıstandan və Azərbaycandan təkliflərim vardı. Ancaq Yunanıstan klubuna keçə bilmədim. Samir Əliyevin şəxsi istəyi ilə "Səbail"dən gələn təklifi dəyərləndirdim. Ancaq heç cür bu komandaya uyğunlaşa bilmədim. Qan uyuşmamazlığı deyilən bir şey var. Mənimki də bu komandada gətirmədi. Tez-tez zədələndim. 1 ay əvvəl isə Samir Əliyevə yaxınlaşıb, komandaya uyğunlaşa bilmədiyimi, ayrılmaq istədiyimi bildirdim. "Səbail"ə bundan sonrakı çıxışında uğurlar arzulayıram. Mənim gələcək karyeramı harda davam etdirəcəyim isə gələn ay müəyyənləşə bilər. 1-2 təkliflərim var".  

Qeyd edək ki, “Səbail” 3 gün öncə litvalı mərkəz müdafiəçisi Edqaras Jarskislə də yollarını ayırıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.