Qurban Qurbanovun ilk mətbuat konfransı: "Raufun belə duruma düşməsinə çox üzüldüm"

Bu gün “Bayıl Arena”da AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.

Prosport.Az xəbər verir ki, yığıncaqdan sonra İK-nın üzvü Qurban Qurbanovun millimizin baş məşqçisi kimi ilk mətbuat konfransı təşkil edilib.

- İlk yoxlama görüşü Gürcüstanla olacaq. Bu simvolikdir, yoxsa təsadüf?

- İlk yoxlama görüşümüz Gürcüstanla razılaşdırılıb. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq.

- Yoxlama oyunlarının Bakıdan kənarda keçirilməsini istərdinizmi?

- Rayonlardakı stadionlara baxmaq lazımdır. O bölgələrdə futbol olması üçün çalışmalıyıq. Ondan sonra bu barədə düşünmək olar. Bu, gələcəyin işidir.

- Millətlər Liqasına kimi neçə yoxlama görüşü nəzərdə tutulub?

- Çox istərdim ki, oyunların sayı çox olsun. Mart və may ayına da toplanış planlaşdırılıb. Komanda tapmaq çətindir. Çalışacağıq ki, oyunların sayı çox olsun.

- Siz də milliləşdirmə siyasətini davam etdirəcəksiniz?

- Futbolda mütləq ən yaxşısını axtarmalıyıq. Öz futbolçularımız varsa, bundan maksimum istifadə edəcəyik.

- Millilərin məşqçilərini məsləhət görərkən hansı keyfiyyətlərə önəm verdiniz?

- Çətinlik çəkdik. Rəşad Sadıqovdan başlayım. Mənim futbol fəlsəfəmi yaxşı bilir. Gənclərə üstünlük verməyimizin səbəbi odur ki, hər birinin potensialını bilirik. Ola bilər ki, ağır, çətin olsun. Onların hər biri bu yaxınlarda PRO kateqoriyasını alacaq. Zaur Həşimov mənim yanımda çox olub. Vüqar Məmmədin illərlə millilərdə təcrübəsi var.

- Millinin əvvəlki heyətində çox dəyişiklik olacaq?

- Hər bir futbolçunun milliyə düşmək şansı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Bəlkə də hər oyunda 4-5 dəyişiklik edildi. Köhnələrdən 4-5 nəfər də çağırılmaya bilər.

- Daha bir neçə köməkçiniz ola bilərmi?

- Bəli, 1 və ya 2 yeni köməkçi də ola bilər.

- Futbolçu seçimi zamanı onun hansı çempionatda oynamasına fərq qoyacaqsınız?

- Təəssüf ki, bəzi futbolçularımız klublarında əsas heyətdə oynamırlar. Yeni adlar görə bilərsiniz. 

- “Kukesi” klubundan ayrılan Rauf Əliyevin 3-cü komandada oynaması üçün FİFA-ya müraciət etmək fikriniz varmı?

- Mənə aid olmayan məsələdir. Rauf “Keşlə”də oynaya bilər. Açığı, Raufun belə duruma düşməsinə çox üzüldüm.

- Son günlər qazancınızla bağlı yazılar dərc olundu. Bununla bağlı fikirləriniz maraqlıdır...

- Məni pul maraqlandırmır. Futbolçu olanda da heç bir rəhbərdən pul tələb etməmişəm. Qürurla futbolumuza xidmət etmək istəyirəm. Bəzi sahələr var ki, oranı inkişaf etdirməliyik. Bununla bağlı Elxan müəllimlə müzakirə aparmışıq.

- U-16-nın baş məşqçisi nə vaxt bilinəcək?

- Hələ vaxtımız var. U-16-nın futbolçularını U-17-yə cəlb edəcəyik. Bu gün 21, 19 və 17 yaşlılar vacibdir. 18 və 16 yaşlılar üçün vaxtımız var. Ola bilər ki, maya kimi belə qalsın.

- Milliləşdirmə ilə bağlı problemlər var. Nəticənin vacibliyini nəzərə alaraq, öz prinsiplərinizdən müəyyən dərəcədə çəkilə bilərsinizmi?

- Çox istərdim ki, azərbaycanlı futbolçular yuxarı səviyyəyə qalxsın. Onların inkişafı çox önəmlidir. Onların ətrafında kimlər oynayır? Mən “Qarabağ”a gələndə yeganə əcnəbi Admir Teli idi. Getdikcə legionerlər cəlb etdik. Sırf yerlilərlə oynasaydım, bəlkə də, mənə hörmətiniz daha çox olacaqdı. Amma hansısa mövqedə problem varsa, bunu düzəltmək vacibdir. Məsələn, “Qarabağ”da 4 müdafiəçimiz zədəli idi. Bizdə hələ legioner var, bu problemlə üzləşirik. Düşünürəm ki, qərarımı normal qarşılayacaqsınız. Çox istəyərəm ki, azərbaycanlı futbolçularla birlikdə uğur əldə edək. Amma biz ölkəmizi təmsil edirik. Lazım olduğu qədər bütün mövqelərdə sağlam rəqabətə çalışacağıq. Ola bilsin ki, bəzi dəyişikliklər edilsin. Bədəvi Hüseynovun hələ nə vaxt qayıdacağı bəlli deyil. Digər oyunçuların da yaxşı inkişafı üçün ətrafdakılar sağlam olmalıdır.

- Rövnəq Abdullayev AÇ-2020-dən danışdı. AFFA rəhbərliyi sizdən nə tələb edib və sizin vədiniz nə olub?

- Mənim prinsipim belədir ki, əlimizə düşən şansdan yararlanaq. Millətlər Liqasından çıxmaq şansımız varsa, bundan yararlanmağa çalışacağıq. Milli komandalarda hər şeyin pillə-pillə getməsini istəyirik. Aşağı yaş qrupunda oyunçuları elə hazırlamalıyıq ki, onlar sabit qalsınlar. Futbolçuların valideynləri bu gün onlara çox mane olurlar. Tanıdığım belə oyunçular var. Biz hətta valideynləri də futbola düzgün formalaşdırmalıyıq. “Çelsi”nin akademiyasında oldum. Onların ən böyük problemi valideynlərlə bağlı idi. Onlarla ayrıca görüşlər keçirirlər. Uşaqla yanaşı, onun valideyni, ətrafı da komandanı sevməlidir. Uşağın insani keyfiyyətlərini düzəltməsək, heç vaxt yaxşı futbolçu olmayacaq.

- Əksər klublar limitdən narazıdırlar. Sizin fikriniz necədir?

- Dəfələrlə cavab vermişəm ki, hər bir sistemi stabil etmək üçün bəzi variantlara əl atmaq lazımdır. AFFA da bəzi variantlardan istifadə edib ki, düzgün sistem qurulsun. Hazırda bunu tam formalaşdırmamışıq. Bu suala indi cavab verə bilməyəcəyəm. Bu məsələ gələn mövsüm üçün düşünüləcək. Bir çox məsələ var ki, AFFA rəhbərliyi ilə müzakirə edəcəyik. Hətta klubların inkişafı üçün də yollar axtaracağıq. Baxacağıq görək, hansı sistemdə daha çox futbolçu qazanmışıq. Hamının fikrinə hörmətlə yanaşmalıyıq.

- Deyilənə görə, əsas şərtlərinizdən biri o olub ki, komandaların sayı artırılsın. Ancaq Rövnəq müəllimin dediklərindən belə çıxır ki, yenə 8 komanda olacaq...

- Xeyr, belə demədi. Əvvəlki mövsümlərdən danışırdı. Mən də komandaların sayının artmasını istəyirəm. Amma komandalar çempionatı yarımçıq tərk edəcəksə, I divizionda oyun alveri gedəcəksə, bundansa, olmasa yaxşıdır. Görsək ki, 10 komanda hazırdır, bunu müzakirə edəcəyik.

- Futbolçu süni meydançada yetişirsə, necə sağlam futboldan danışa bilərik?
- İllər keçdikcə süni meydanların sayı azalır. Aşağı yaş qrupunda futbolçu süni meydana görə zədələnmir. O düzgün qidalanmır, düzgün məşq keçmir. Düzgün həkim varmı? Bütün bunlar dövlət səviyyəsində olmalıdır. Futbolçunu kim yetişdirməlidir? Yaxşı məşqçi, sağlam həkim.

- “Çelsi”nin bazasında neçə süni meydança var idi?
- “Çelsi”nin 32 məşq meydançası var. Bir üstüörtülü süni meydança var idi. 32 meydanın 28-dən istifadə olunurdu. Onlar da deyirlər ki problemlərimiz var. Bu gün onların da problemləri varsa... Bizim problemlərimiz arasında süni örtük də var. Bunun hamısını indi düzəltmək mümkün olan şey deyil. Burda maliyyə tərəfi də önəmlidir. AFFA neçə komandaya sponsorluq edir? Ancaq bir müəssisənin üzərinə güc düşməməlidir. UEFA da bu məsələyə diqqət ayırır. Onların da köməyi var.

- Elxan Məmmədov: Bir az obyektiv olmaq lazımdır. 2008-ci ildə cəmi 1 stadionumuz və məşq yerimiz var idi. İndi isə “Dalğa Arena” var. Qadınlar arasında dünya çempionatı təşkil olunmuşdu. Orda süni meydançanı müvəqqəti qoymuşduq. Sonra onu dəyişdik. Ardından məşq meydançalarını artırdıq, bazanı inkişaf etdirdik. Kim deyirsə ki, sovet zamanında həmin stadion möhtəşəm idi, düz demir. “Baksell Arena”nı da düzəltdik. Klublarımıza gəlincə, “Neftçi”nin bazasında 3 təbii meydança salınıb. “Çelsi”nin bazasını da gəzmək imkanımız oldu. Çox bazada olmuşam, amma “Çelsi”nin bazası kimisini görməmişəm. Hətta meydançaları “Real”dan da çoxdur. Sumqayıtdakı meydança illər keçdikcə pisləşir. FİFA tərəfindən maliyyə əldə etmişik. Orda meydançalar salınacaq. Bir ildə 32 meydança tikə bilmərik. Bayılda gördüyünüz meydançanı 2 illik qurmuşduq. Burda başqa meydançalar da salmağı düşünürük. Yer məhdudiyyəti var. Addımımızı atanda reallıqla barışmalıyıq. İstəyirik ki, meydançalar artsın. Amma bu bir gündə alınmır. Bəzi klublarımız o qədər yatırım etdilər. Xəbərlərdə görürəm ki, məhkəmədədirlər. Təəssüflər olsun.

- Kamran Ağayev hazırda klubsuzdur və xasiyyətinə də bələdik. Rəşad Əzizlinin çıxışı da göz önündədir... 
- Eyni səviyyəli 3-4 qapıçımızın olmasını istərdim. Bütün oyunçulara baxılır. Rəşadı qapıçılar sırasında qeyd etmişəm. Səlahət Ağayev və Anar Nəzirov uzun müddətli zədəlidir. Futbolçu seçimimiz azdır. 9-10 milyonluq ölkəyik. 80 milyonluq ölkələr belə, problem yaşayırlar. Rusiyanın üzdə olan 11 futbolçusu yoxdur. Kimin potensialı yüksəkdirsə, ona şans veriləcək. Həmçinin millidə futbolçunun insani keyfiyyətləri çox önəmlidir. Yığmaya gələn hər kəs üçün nümunə olmalıdır. İlk görüşümüzdə də futbolçulara bunu deyəcəyəm. Hansısa vacib futbolçu bəzi davranışlarına görə millidən kənarda qala bilər.

- Millətlər Liqasında Ermənistan yığması ilə qarşılaşa bilərik. Buna münasibətiniz...

- İstəməzdik ki, düşmən ölkə ilə üz-üzə gələk. Məncə, onlarla yalnız finalda düşə bilərik. Rəqibin kimliyindən asılı olmayaraq, bundan istifadə etməyə çalışacağıq.

- “Qarabağ”ın oyun sistemində hansısa dəyişiklik olacaqmı?

- Bizim burda vaxtımız azdır. “Qarabağ” mənim öz komandamdır, daim bir yerdə oluruq. Millidə isə 4-5 dəfə toplaşırıq. Ümumi tələblər eyni olacaq. Dəyişiklik rəqiblərin kimliyinə görə dəyişəcək. “Qarabağ”la hələ il yarımlıq müqaviləm var. Biz bunun ətrafında müzakirə aparmamışıq. Hər iki yerdə işləmək çox çətindir. Amma bu etimadı doğrultmağa çalışmalıyam.

- Millinin kapitanı olan Rahid Əmirquliyevi oyun praktikasına görə başqa kluba icarəyə verə bilərsinizmi? 
- “Qarabağ”ın prinsiplərindən əl çəkməli deyilik. Digər tərəfdən, milli üzvünün klubunda oynamasını istəyirəm. Heç bir futbolçuya ölkə xaricinə getməsinə mane olmarıq. Buna sevinərəm. Bir futbolçunu göndərəcəyəmsə, klubun maraqlarına görə edəcəyəm. Milliyə gəldikdən sonra da buranın maraqlarına uyğun qərar verəcəyəm. İcarəyə verdiyimiz oyunçular var. “Qarabağ”ın nəticəsinə mane olmayacaqsa, 1-2 futbolçunu icarəyə verə bilərik.

- “Qarabağ”ın U-19 komandasında oynayan Yaroslav Dedanın milliləşdirilməsi mümkündürmü?
- Qışda görsək ki, özünü yaxşı tərəfdən göstərir, belə müraciət edə bilərik.

- Millidəki kapitan dəyişdirilə bilərmi?
- Rahid əxlaqı, davranışı ilə hamıya nümunədir. Çox istərdim ki, bütün futbolçular onun kimi davransın. O, nümunəvi insandır. Onun millidə kapitan olub-olmaması bu günün mövzusu deyil. İlk toplantıdan sonra çalışacağıq ki, ədalətli qərarlar verək. Kapitanı ola bilsin ki, dəyişməyək, ola bilər ki, bir müddət sonra reallaşsın.

- Millidə hansısa mükafat sistemi olacaqmı?

- Hər hansı bir sistem olacaq. Rəhbərliklə bu barədə hələ görüşümüz olmayıb. İstəmirəm ki, verilən mükafat üzə çıxsın. Heç kimin qazancında gözüm yoxdur. Çalışırıq ki, hər kəs layiq olduğunu əldə etsin.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.