"Gələn mövsüm də ən azı bu büdcə ilə yolumuza davam edəcəyik" - Əmrah Çəlikəl

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin "Roma" ilə oyundan sonra dediyi açıqlamalar ictimaiyyətdə birmənalı qəbul edilmədi.

Prosport.Az xəbər verir ki, xüsusən "bundan sonra öz oyunçularımızı yetişdirməliyik" cümləsi komandanın gəncləşdirmə siyasətinə üstünlük verəcəyi ilə bağlı dedi-qoduları üzə çıxartdı.

Lakin klubun icraçı direktoru Əmrah Çəlikəl saytımıza açıqlamasında Gözəlin fikirlərinin düzgün anlaşılmadığını bildirib: "Tahir bəy bu sözü işlədəndə Çempionlar Liqasındakı rəqiblərimizlə müqayisə aparmaq istəyib. Məsələn, "Çelsi"nin 30-dan artıq meydançası var. Həmin meydançalarda uşaq futbolçular yetişir. Həmişə bizim gündəmimizdə olan məsələ Azərbaycanda uşaq futbolçuların yetişdirilməsi olub. Bu, Çempionlar Liqası kimi bizim üçün böyük hədəflərdən biridir. Bu yolla əsas komandamızda öz yerli oyunçularımızın sayı çox olar. Tahir bəy illərdir ki, bu komandaya sponsorluq edir. Bundan sonra da hər hansısa dəyişiklik olacağı gözlənilmir. Gələn mövsüm də ən azı bu büdcə ilə yolumuza davam edəcəyik".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.