Nizami Hacıyev apellyasiyaya müraciət etməyib - Qardaşı açıqladı

Dünən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov qış fasiləsi öncəsi son mətbuat konfransına çıxıb.

O, Prosport.Az-ın "Bakcell Arena"da olan əməkdaşının "Nizami Hacıyev heyətinizə qatmağa hazırlaşdığınız futbolçulardan idi. Ancaq məlum səbəblərdən o, futboldan ömürlük uzaqlaşdırılıb. Lakin onun apellyasiya vermək hüququ var. Əgər apellyasiyadan sonra günahsız olduğu ortaya çıxarsa, onun komandaya transferi nə dərəcədə mümkündür?" sualına belə cavab verib:

"Apellyasiya verib, "təmiz" çıxarsa... Bu təkcə mənim işim deyil. Komandanın rəhbərliyi var. Müzakirə olunmalıdır. “Neftçi” tarixi olan komandadır. Açığı, Nizamini artıq gündəmdən çıxarmışıq. Belə məsələlərdə diqqətli olmalıyıq. Burda klubun imicindən söhbət gedir".

Yeri gəlmişkən, deyəsən, qarşı tərəf də apellyasiya verməyi düşünmür. Nizami Hacıyev telefonlarımıza cavab vermədiyindən, onun "Keşlə"də işləyən böyük qardaşı Teymur Hacıyevlə əlaqə saxladıq. O isə rəsmi qaydada hələ apellyasiya şikayəti vermədiklərini bildirdi: "Nizami üzrxahlıq etməyə hazırdır. Çünki onun futboldan başqa əlindən heç bir iş gəlmir. Ancaq onun günahı yoxdur. Əgər kimdəsə, sübut varsa, qoysunlar ortaya".

Qeyd edək ki, bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət etmək üçün son gündür.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.