"Həmişəki kimi Bakıda da saat 23:00-da yatacağam" - "Çelsi"nin qapıçısı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq İngiltərənin “Çelsi” klubunun qapıçısı Tibo Kurtua oyunöncəsi mətbuat konfransında iştirak edib.

Prosport.Az xəbər verir ki, belçikalı qolkiper birbaşa sualları cavablandırıb:

- Fiziki və mənəvi olaraq özünü necə hiss edirsən? Nəzərə alaq ki, təyyarədə uzun yol qət etmisiniz və uzun ayaqları təyyarədə yerləşdirmək çətindir...
- Uçuş uzun oldu. Ancaq təyyarə rahat idi. Bundan sonra “Liverpul”la oyunumuz var. Sabahkı oyuna tam hazırıq.

- İngilis vaxtına öyrəşmisiniz. Bu da o deməkdir ki, Bakı vaxtı ilə gecə saat 2-də, 3-də yatacaqsınız?
- Həmişəki kimi saat 23:00-da yatacağam. Təbii ki, Bakı vaxtı ilə.

- Sabah “Qarabağ”la qarşılaşacaqsınız. Ancaq demək olar ki, siz daha çox “Liverpul” barədə düşünürsünüz?
- Biz tam olaraq sabahkı oyuna köklənmişik. Düzdür, bu komanda ilə oyunumuzda böyük hesabla qalib gəldik. Ancaq nəzərə alaq ki, bu, “Qarabağ”ın ÇL-də ilk oyunu idi. Bu matçdan sonra “Roma” ilə qarşılaşmada yaxşı təsir bağışladılar, “Atletiko” ilə isə 2 dəfə heç-heçə etdilər.

- Necə düşünürsünüz, sabah Bakıdan 3 xalla ayrıla biləcəksiniz?
- Hədəfimiz budur. Favorit bizik. Bu oyunda qələbə bizə növbəti mərhələyə vəsiqəni təmin edəcək. Çalışacağıq ki, erkən qola imza atıb, rəqibi təzyiq altında saxlayaq.

- Növbəti mərhələyə qrup 2-cisi kimi vəsiqə qazanmaqdan qorxmursunuz ki?
- Biz ilk növbədə vəsiqəni təmin etmək barədə düşünürük. Bundan sonra I və ya II yeri tutmaq barədə düşünə bilərik. Ümumiyyətlə, ÇL-in 1/8 final mərhələsində asan rəqib olmur. Elə ola bilər ki, I olub, növbəti mərhələdə çətin rəqiblə düşək. Hazırda bu barədə düşünmürük.

- “Qarabağ” barədə nə deyə bilərsiniz? Sizcə, komanda necə oldu ki, “Atletiko”ya 2 oyunda da uduzmadı? Ümumiyyətlə, “Qarabağ”ın hansı xüsusiyyətlərindən çəkinirsiniz?
- “Qarabağ” ilk oyundan sonra daha yaxşı təsir bağışlamağa başladı. Əsasən hücumçuları daha inamlı çıxış edir. Bu komanda xüsusilə, əks-hücumda daha təhlükəlidir. Fikrimcə, öz oyunumuzu sərgiləsək, “Mançester Yunayted” və “Vest Bromviç”lə oyunlardakı kimi qələbə qazana bilərik.

- Bu, Bakıya 2-ci səfərinizdir. Bundan öncə “Atletiko” ilə səfər etmişdiniz. Bu şəhər sizin yadınızda necə qalıb?
- 4 il bundan əvvəl burda olmuşduq. Ümumiyyətlə, bu, Azərbaycana 3-cü səfərimdir. Mədəniyyətiniz, insanların mehriban olmasını xüsusi qeyd edərdim. Ümid edirəm ki, sabahkı oyun hər iki tərəf üçün uğurlu olar.

- Yeni müqavilə barədə nə deyə bilərsiniz?
- Daha çox öz oyunum üzərində düşünürəm. Bu məsələ ilə menecerim məşğul olur. Bu barədə nə isə deyə bilmərəm. Mövsümün sonunda bu məsələyə qayıdacağıq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.