"0:6 hesabıyla uduzan komandanın “sükanı arxasında” mən də olmuşam" - Qurban Qurbanov

Çempionlar Liqasının qrup mərhələsinin V turunda sabah “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Prosport.Az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Biz ağır oyun gözləyir. Həm rəqib, həm də bizim üçün çox vacib matç olacaq. Bakıdakı son oyunumuzdur. Rəqibin gücünü bilirik. Az səhv etməyə və meydanda sona kimi mübarizə aparmağa çalışacağıq.

- Pedro Enrike cəzalıdır. Dani Kintananın isə zədəsi var. Bu sizi narahat etmir ki? 
- Enrike barədə düşünmürük. Çalışırıq ki, əlimizdəki oyunçuların xidmətindən maksimum istifadə edək. Daninin vəziyyəti yaxşıdır. Lakin onun vəziyyətinə sabah tam aydınlıq gələcək.

- “Qarabağ”ın müdafiə xəttində yaşlı futbolçular çoxdur. 3 müdafiəçinin yaşı 100-dən çoxdur. Qışda arxa xəttə transfer gözlənilir? 
- Transfer barədə hələ ki düşünmürəm. Əlimdəki müdafiəçilərdən razıyam. Onların yaşına baxmıram. Onlar bütün komandaya nümunədirlər. Həm meydanda, həm də meydandan kənarda. Fikrimi transferlərə yönəltmək istəmirəm.

- İbrahim Şexiçə çox şans verirsiniz. Qarşıda 2 oyun var. Anton Kanibolotskiyə bu oyunlarda şans vermək fikriniz var? 
- Təkcə qapıçıma yox, bütün komandama güvənirəm. Bəzi oyunçular var ki, onlara daim şans verirəm. Bütün oyunçularım mənim üçün önəmlidir. Onlara inanıram.

- Avropa nəhəngləri eyni gücdə 2 heyətlə oynayır. Sizin belə planınız var? 
- Biz rotasiya çox etmişik. Lakin bəzən elə olur ki, 2 heyət də yetərli olmur. Zədələr, cəzalar olanda 2 heyət də kifayət etmir. Oyunçu potensialını gücləndirməliyik. Nə qədər desək ki, Avropa səviyyəsinə çatmışıq, yalan olar. Bunun üçün çox çalışmalıyıq.

- Komandanın Avroliqaya vəsiqə şansı qalır. Bu, komanda üzərində təzyiq yaratmır ki?
- Təzyiq həmişə olur. Azarkeşlər bizdən yaxşı nəticə gözləyirlər. Amma rəqibi düzgün dəyərləndirməliyik. “Çelsi” Avropanın ən güclü komandalarındandır. Bu rəqib heç bir oyuna qeyri-ciddi yanaşmır. Baş məşqçi bu matçın mövsümün ən vacib qarşılaşması olduğunu deyib. Elə bu sözlər onların bu oyuna necə hazırlaşdığını göstərir. Sabah bu rəqibə layiqli müqavimət göstərməyə çalşacağıq. Bu komanda meydanda boşuna heç nə etmir. Bütün hərəkətləri düşünülmüş olur. Rəqib oyun zamanı bir neçə taktikadan istifadə edir. Ancaq futbolçularıma güvənirəm. Sabah III yer barədə düşünməməliyik. Çalışmalıyıq ki, sabah azarkeşlər stadionu razı tərk etsinlər.

- “Çelsi” ilə ilk oyundan sonra Şexiç böyük gərginlik yaşadı. Hesabın böyük olması da bunun nəticəsi idi. Düşünmürsünüz ki, ilk oyunda heyətdə olmuş futbolçuların üzərində əlavə təzyiq olacaq? 
- Bu cür hesablar çox oyunlarda olur. Premyer Liqa oyunlarında da 0:4, 0:5 kimi hesablar qeydə alınır. Hətta eyni səviyyəli komndaların oyunlarında da bu cür nəticələr qeydə alınır. Şexiç barədə çox sual verilir. Bunun təsir edəcəyini düşünmürəm. 0:6 hesabıyla uduzan komandanın “sükanı arxasında” mən də olmuşam. Onda gərək məni də dəyişsinlər. Biz hər oyunda bir az daha artırmağa çalışırıq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.