"Əliyar Ağayev 2 metrdən bütün stadionda olan adamların gördüyünü görmədi?" - "Neftçi"nin prezidenti

"Neftçi” PFK-nın prezidenti Orxan Hüseynzadə klubun rəsmi saytına açıqlama verib.

Prosport.Az xəbər verir ki, klub prezidenti Premyer Liqanın noyabrın 19-da keçirilmiş "Neftçi” – "Qəbələ” matçında şübhəli hakim qərarlarına münasibət bildirib:

"Hakimlər briqadasının səhvləri dünənki oyunun nəticəsinə təsir etdi. Biz məğlubiyyətə layiq deyildik, ədalətli hakimlik olsa qələbə qazana bilərdik. Bəli, hamı səhv edə bilər. Amma ölkənin ən yaxşı referisinin başçılıq etdiyi hakimlər briqadası bütün oyun ərzində bir komandanı "öldürürsə”, bu, şübhələr yaradır. Əliyar Ağayev və köməkçiləri 2 metr məsafədən bütün stadionda olan adamların gördüyünü görmədilər? Hakimləri bilərəkdən komandamıza antipatiya bəsləməkdə ittiham etmək istəmirəm. Amma istənilən halda onların səhvləri nəticəyə təsir etdi. Yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu videotəkrarlardır. Burda söhbət bahalı avadanlıqdan getmir. Hər klub hakimlər briqadasını 4-cü hakimin mövqeyinin yaxınlığında sadə monitorla təmin edə bilər. Bu, hakim səhvi ehtimalını yox edəcək”.

Qeyd edək ki, "Qəbələ"nin vurduğu 1-ci qoldan əvvəl top "Neftçi"nin sabiq futbolçusu Ruslan Qurbanovun ayağına dəyib meydandan kənara çıxsa da, baş hakim köməkçisinin qərarı ilə meydan sahibi komandanın əleyhinə künc zərbəsi təyin edib. Məhz həmin standard zərbədən sonra Baqaliy Dabo hesabı 21-ci dəqiqədə bərabərləşdirib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.