Elvin Bədəlov: "Neftçi" Avropa Liqasında oynasaydı, qalardım" - MÜSAHİBƏ

Bu ildən Avstriyanın III dəstəsində çıxış edəcək Vyananın "Karabax" ("Qarabağ") klubu Elvin Bədəlovla müqavilə bağlamağa yaxındır.

Prosport.Az saytı 22 yaşlı mərkəz müdafiəçisindən bu yöndə müsahibə götürüb.

- Keçidin necə oldu ki, baş tutdu?

- "Neftçi" ilə müqaviləmin müddəti bitdi. Azərbaycandan olan menecerim mənə klub axtarırdı. Mən xaricdə oynamaq istəyirdim. "Karabax" da futbolçular axtarırdı. Biz danışdıq onlarla, razılaşdıq. Legioner həyatı yaşamaq üçün yaxşı variantdır.

- Orda səndən başqa da azərbaycanlı - Dmitri Nağıyev var...

- Bəli, onunla artıq müqavilə bağlanılıb. Dima ilə Avstriyaya gəlməzdən əvvəl söhbət etmişdim. Mənə demişdi ki, aşağı dəstə klubu olsa da, burda hər cür şərait var. Stadionu yaxşı vəziyyətdədir.

- Müqaviləni nə vaxt bağlayacaqsan?

- Yenicə Vyanaya gəlmişəm. Şengen vizasına görə bir az yubandım. Bugünə və ya sabaha müqavilə bağlayacağam. Artıq dünəndən burda Avstriya kubokunun oyunları başlayıb. Sabah bizim komandanın oyunu var. Kubokda ilk oyunumuz "Blau-Vays" komandasına qarşıdır.

- "Karabax"da müqavilənin müddəti nə qədər olacaq?

- 1 il.

- Əvvələ qayıdaq. Təklif olunsaydı, "Neftçi"də qalmağı istəyərdin?

- Təklif olundu. Buna görə klub rəhbərliyinə təşəkkür edirəm. Evdəkilərlə də məsləhətləşdik. Azərbaycanda oynadım, hər şeyi gördüm. İstədim ki, indi legioner həyatı yaşayım. 

- Deyə bilərikmi ki, Azərbaycanda futbol oynamağın gələcək karyeran baxımından perspektivsiz olduğunu görüb "Neftçi"dən ayrılmağa qərar verdin? Həm də "Neftçi"nin uğursuz çıxışı qərarına təsir etdi?!

- "Neftçi"nin uğursuz çıxışında edilən dəyişikliklər rol oynadı. Ancaq perspektiv məsələsi ilə razılaşmıram. "Neftçi" Avropa Liqasında oynasaydı, qalardım. Çünki Avropada bu oyunlara baxırlar.  

- "Neftçi" Avroliqada oynamasa da, bir Premyer Liqa klubu idi. İndi isə Avstriyanın sayca III dəstəsi olan Regionalliqada çıxış edəcəksən...

- Məsələ burasındadır ki, buranın çempionatlarına skautlar göz gəzdirir. Məsələn, ötən mövsüm "Karabax"la IV dəstədə bombardir olmuş futbolçu "Bursaspor"a transfer olundu. Həm də bu komandanın daha yuxarı diviziona çıxmaq məqsədi var. Mənə də elə məqsədi olan komanda lazımdır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.