Samir Əliyev "Səbail"dəki "oyunsuzluğ"un səbəbini açıqladı - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının debütantı "Səbail"in baş məşqçisi "Sumqayıt"la oyundan sonra Prosport.Az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Ümumi götürdükdə, 0:1 uduzduğumuz oyundan razı ola bilmərəm. Söhbət tək hesabdan getmir. Bu, 3 həftənin komandasıdır. Heç 1 ay olmayıb. Düzdür, bu müddətdə çox iş görmüşük. Ancaq belə qısa müddətdə çox dəyişiklik etmək də mümkün deyil. Ona görə də hələ istədiyimizi oyunumuzda görə bilmirik. Bunun da səbəbləri var. Onu da biz məşqçilər bilirik.

- Bəlkə həmin səbəbləri açıqlayasınız?

- Səbəb odur ki, "Sumqayıt"a qarşı 21 futbolçumuz oynadı. Futbolçular arasında anlaşmazlıq yüksək səviyyədə deyil. Heyətimizdəki futbolçularının çoxunun demək olar ki, təcrübəsi yoxdur. Yəni belə amillər çoxdur.

- Türkmənistan azərbaycanlısı Elman Tağıyevi nəzərə almasaq, legioner transferi həyata keçirməmisiniz. Halbuki debütant olsanız da, legioner transfer edəcəyiniz gözlənilirdi. Hiss edirəm ki, siz istəyirsiniz, ancaq buna əngəl olan müəyyən səbəblər qarşınızı kəsir...

- Yox, belə bir şey yoxdur. Legioner transferi ediləcək. Baxışa da, birbaşa müqaviləyə gələnlər də olacaq. Bu gün (söhbət 8 iyulda olub - red.) bir legioner Bakıya gələcək, sonra bizimlə Türkiyəyə gedəcək.

- Məndə olan məlumata görə, dediyiniz futbolçu afrikalıdır. Hansı mövqedə çıxış edir o?

- Mərkəz müdafiəçisi qismində.

- Başqa hansı mövqelərə futbolçu axtarışdasınız?

- Qapı xətti istisna olmaqla, bütün mövqelərə.

- "Sumqayıt"la oyunun II hissəsində qapınızı İran azərbaycanlısı qorudu. Onunla müqavilə bağlanılacaq?

- Çox güman ki, bəli. O, U-21 millimizin də üzvüdür. Limitə görə də onun transferi bizə sərf edir.

- Ayın 10-dan Türkiyənin Kartəpə bölgəsində 5 oyun keçirəcəksiniz. Planda dəyişiklik yoxdur?

- Xeyr. Komandamızın ilk rəqibi iyulun 13-də Omanın U-23 yığması olacaq. Bundan 2 gün sonra İranın "Zob Ahan" komandası ilə üz-üzə gələcəyik. İyulun 20-də Səudiyyə Ərəbistanının "Əl İttifaq", 23-də Özbəkistan "Paxtakor"u ilə oyunlarımız olacaq. Orda son oyunumuzu isə iyulun 26-da Səudiyyə Ərəbistanının "Əl Raed" komandasına qarşı keçirəcəyik. Səhərisi gün isə Bakıya qayıdacağıq. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.