Atributumuza hörmətsizlik edən futbolçu ağlayıb - Əlcəzairli məşqçidən AÇIQLAMA

İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında bürünc medal qazanmış Əlcəzair millisinin baş məşqçisi Şafik Ameur təşkilatçılıq haqda xoş sözlər söyləyib.

Prosport.Az xəbər verir ki, Ameur bildirib ki, Azərbaycan xalqı onları yaxşı qarşılayıb:

"Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Baxmayaraq ki, biz ölkəmizdən uzaqda idik. Ancaq Atletlər Kəndindən çıxdığımız zaman bizə qarşı xoş münasibətin şahidi olduq. Gələcəkdə ümid edirəm və inanıram ki, dostluq çərçivəsində milli və ya klublar arasında yoldaşlıq oyunları keçirmək mümkündür. Hiss etdik ki, Azərbaycan xalqı da bizim qələbə qazanmağımızı istəyirdi".

Sabuhi Musayev adlı şəxsin şəkli.

Yarımfinal matçından sonra Azərbaycan millisinin futbolçusunun formasını yerə atmaqla bayrağımıza qarşı hörmətsizlik etmiş Zakariya Naiji bu oyunda çıxış etməyib. Prosport.Az-ın əməkdaşı bunun səbəbini soruşub:

"Bu matçda 5 futbolçumuzun xidmətindən istifadə edə bilmədik. Bunlardan 2-si zədəli, 3-ü isə cəzalı idi. Cəzalı oyunçularımızdan 13 nömrəli Zakariya Naiji rəqib komandanın futbolçusunun ona verdiyi formanı yerə atması səbəbindən təşkilatçılar tərəfindən cəzalandırılıb. Sonradan futbolçunun özü də bizə etiraf edib ki, özündən asılı olmadan, məğlubiyyətin təsiri altına düşərək belə bir hərəkətə yol verib. Təbii ki, III yer uğrunda oyunda çıxış etməyəcəyini bildi və vəziyyəti daha da pisləşdi. Hətta buna görə ağladı da. Buna baxmayaraq, Təşkilat Komitəsinin bütün qərarlarına, o cümlədən bu oyunçumuzun diskvalifikasiya qərarına hörmətlə yanaşırıq. Bu qərara heç bir etiraz etmək fikrimiz də olmayıb. Bir də ki formanı sonradan həmin oyunçu yerdən götürüb. Mən bunu görməmişəm. Ancaq Azərbaycanla oyundan sonra keçirilən mətbuat konfransında qapıçımız və kapitanımız Şamseddin Rahmani bildirdi ki, Zakariya hətta sonradan həmin formanı geyinib. İstənilən halda, bu, idmançıya yaraşmayan haldır. İstər anlaqlı, istərsə də anlaqsız vəziyyətdə olsun, biz bu halı pisləyirik. Biz heç bir ölkənin atributuna qarşı hörmətsizliyi qəbul etmirik. Bu, yolverilməzdir. Xahiş edirəm ki, onu da nəzərə alasınız ki, futbolçularımızın əksəri 20 yaşdan aşağıdır və onların bu baxımdan təcrübələri yoxdur".

Bu heyətdən gələcəyin Əlcəzairlə bağlılığı olan Zinəddin Zidan və Kərim Benzemaları çıxa bilərmi? Bu suala cavab belə oldu:

"Əlcəzair millisi iştirak etdiyi 1982 və 1986-cı il dünya çempionatlarında uğurla çıxış edib. Həmin mundiallarda millimizin heyətini Əlcəzairdə doğulmuş futbolçular təşkil edib. Lakin sonradan bizdə uzun müddətli eniş yaşandı və məcbur olub Fransa və başqa Avropa ölkələrində Əlcəzairlə bağlılığı olan oyunçuları yığmaya cəlb etdik. Ancaq indiki rəhbərlik yenidən əvvəlki siyasətə qayıdıb və Əlcəzairdə doğulan futbolçulara üstünlük verir. Mən inanıram ki, bu heyətdən 2-3 nəfər gələcəkdə Avropanın ən böyük komandalarında çıxış edə biləcək. Məsələn, Ahmed Qaqaa, Farid Əl Melali, Tayeb Meziani, müdafiədə isə Yusef Duarı xüsusi qeyd edərdim. Bu futbolçular gələcəyin Zidanları, Benzemaları ola bilər".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.