"Azərbaycan idmançıları ilə görüşlərdə bizimkilərin haqqı yeyildi" - Əhməd Məhəmmədi

Xəbər verdiyimiz kimi, dünən taekvondo yarışlarında 1 qızıl medal qazanmışıq. 87 kq çəki dərəcəsində Ramin Əzizov 16:14 hesabı ilə İran azərbaycanlısı Əhməd Məhəmmədini məğlub edib.

Lakin Məhəmmədi II yeri tutması ilə barışmayıb və medalını boynundan çıxararaq komanda yoldaşlarına verib. Prosport.Az həmin idmançıya tribuna verib.

- Deyəsən, II yeri tutmağınla razılaşmırsan. Narazılığın var...

- Ramin mənim ən yaxşı dostumdur. Biz çoxdandır tanışıq. O, İrana gəlir, mən bura gəlirəm. Raminlə heç bir problemim yoxdur, o mənə qardaş kimidir. Amma məni tutub başıma vurması düz deyildi. Yenə deyirəm, bunda Ramində günah görmürəm. Hakimləri bu xalı sayması ilə razılaşmıram. Taekvondoda İran və Azərbaycan idmançılarının görüşlərində bizimkilərin haqqı yeyildi. Bir gün əvvəl də Ayxan Tağızadə ilə bizim idmançımızın final görüşündə hakimlər bizə qarşı haqsızlıq etdi. Bilmirəm, niyə belə edirlər? Bunun axırı hara gedəcək?! Yuxarıda Allah var. Hələ heç nə bitməyib. Bundan sonra hələ onlarla çox görüşəcəyik...

- Sən əvvəl bizim millidə də olmusan. Niyə burdan ayrıldın? Bəyənilmədin, yoxsa?..

- Bəli, burda 6 ay olmuşam. Amma mən özüm millinizdən ayrılmışam. Mənim çəkimdə problem oldu. Federasiyadan mənə dedilər ki, qal, sənin çəkindəki idmançıdan sonra səni heyətə salacağıq. Mən də bununla razılaşmayıb getdim. Yoxsa heç kim mənə "get" deməyib. Rusiya, İran, Türkiyədən gəlib Azərbaycanın millisində çıxış edirlər. Taekvondoda Azərbaycandan güclü idmançı var?

- Ramini güclü saymırsan?

- Yox, Ramin yaxşıdır. Bir Ramindir, o biri də Ayxan. Qalan əslən Azərbaycandan olan idmançılar zəifdir. Amma İranda taekvondo güclüdür.

- Bildiyimizə görə, taekvondo millinizdə 5 idmançı İran azərbaycanlısıdır. Bu o deməkdirmi ki, Cənubi Azərbaycan bölgəsi İranda taekvondonun güclü olduğu yerdir?

- Bəli. İran azərbaycanlıları taekvondoda çox güclüdürlər. Bizdə Olimpiya medalı, dünya çempionluğu var. Hamısını da İran azərbaycanlıları qazanıb.

- İndi İranın əsas millisində çıxış edirsən. Yəqin sevinirsən ki, Azərbaycan millisindən vaxtında imtina etmisən...

- Elədir. Çox sevinirəm ki, Azərbaycan millisində olan vaxt rəsmi döyüş keçirmədim və vətəndaşı olduğum İran adından çıxış etdim.

- Azərbaycanda İslamiadada qızıl medal qazanan idmançı 150 min manat dövlətdən mükafat alır. Bəs İranda nə qədər pul verirlər?

- İranda 10 min dollar...

- Bura İran millisi əsas heyətlə gəlmişdi?

- Yox. Bu, əsas milli deyil. Düzdür, burda Azərbaycan I oldu. Ancaq bu bizim əsas millimiz deyil. Əsas millimizdən 2-3 nəfər Bakıya gələn heyətdədir. Mən də yeni düşmüşəm milliyə. Deyiblər ki, burda özünü göstər, milliyə düş.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.