"Onlar heç vaxt istəməzlər ki, qərəzli qərarla öz şəxsiyyətlərini alçaltsınlar" - Millimizin baş məşqçisi

IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarının sonuncu günündə - dünən Azərbaycan idmançıları 1 qızıl və 1 bürünc medal qazanıblar. Bununla da taekvandoçularımız İslamiadada 6 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar.

Prosport.Az xəbər verir ki, qızıl medallara Yaprak Eriş (57 kq), Patimat Abakarova (49 kq), Ayxan Tağızadə (68 kq), Milad Beiqi Hərçəqani (80 kq), Radik İsayev (+87 kq) və Ramin Əzizov (-87 kq) sahib olublar. Qaşım Məhəmmədov (54 kq) və Fəridə Əzizova (67 kq) gümüş, Məhəmməd Məmmədov (63 kq) isə bürünc medala layiq görülüb.

Kişi millimiz 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Bu münasibətlə kişi millimizin iranlı baş məşqçisi Reza Mehmandustu danışdırdıq.

Onunla əvvəl dünən Ramin Əzizovun qazandığı son qızıl medal döyüşü haqda söhbətləşdik: "Həmişə final oyunlarında həyəcan çox olur. Üstəlik, öz ölkəndə çıxış etdiyindən, stress çox olur ki, qələbə qazanasan. Bu həyəcan olmasa, daha da yaxşı çıxış etmək olar. Raminin finaldakı rəqibinin iranlı olması da qələbəmizdə böyük rol oynadı. Çünki mən Abbas Məhəmmədini yaxşı tanıyırdım. O əvvəl bizim millinin üzvü, yetirməm olub. Ancaq sonra onu istəmədik, İrana qayıtdı. Ona görə onun döyüş üslubuna bələd idim".

İranı təmsil edən əslən azərbaycanlı olan Əhməd Məhəmmədi finalda hakimin qərarlarından narazı qalıb. Onun sözlərinə görə, hakimlər videotəkrara baxarkən düzgün qərar verməyib. Ancaq Mehmandust bununla razılaşmır: "Onun hakimlərə etiraz etməyə haqqı yoxdur. Onlar beynəlxalq hakimlərdir. Heç vaxt istəməzlər ki, qərəzli qərarla öz şəxsiyyətlərini alçaltsınlar".

8 kişi idmançımızdan yalnız 2-si - Fizam Mehdiyev (58 kq) və Səid Quliyev (74 kq) medal qazana bilməyib. İyunda Cənubi Koreyada keçiriləcək dünya çempionatına aparılacaq heyətdə dəyişikliklər olacaqmı? Sualımıza Reza Mehmandust belə cavab verdi: "Bu İslam Oyunları Olimpiada kimi bir şey idi. Çünki burda İordaniya, Türkiyə, Özbəkistan, İrandan dünya çempionları yarışırdı. Ona görə də bizə heç də asan olmadı. Bu heyətdən oyunçular seçib Koreyaya da aparacağıq".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.