"Bu yaxınlarda infarkt keçirib, əməliyyat olub" - Qızıl medal qazanan idmançımız

"Özümü çox xoşbəxt hiss edirəm. Son 3 saniyə mənə yuxu kimi gəlir. Desəm ki, baş məşqçimiz Reza Mehmandost sehirbazdır, inanmazsınız. Onun sonda dediyi taktika 100 faiz düzgün çıxır. Necə demişdisə, elə də oldu. Axır saniyələrdə ancaq onun söylədiklərin etdim. Bu da mənə uğur gətirdi".

Prosport.Az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan taekvondoçu Ramin Əzizov deyib. 87 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, Reza Mehmandostun məşqləri İsamiadadan da çətindir:

- Finaldakı rəqibim iranlı Əhməd Məhəmmədiyə daha əvvəl də qalib gəlmişdim. İki dəfə vurdum, siqnal xal vermədi. Deyəsən, mənə sürpriz etmişdi, sonda xal qeydə alındı.

- Çempionluqdan sonra göz yaşlarınızı saxlaya bilmədiniz...

- İstəməzdim hisslərimi biruzə verim. Heç bir idmançıya zədə arzulamıram. İdmançının zədə ilə sınağa çəkilməsi çox pis şeydir. İki dəfə ayağım sınmışdı. Əksəriyyət idmana qayıdacağıma inanmırdı. Əsas odur ki, özümə sübut etdim. İnanmayanlar, inanmasın.

- Qələbəni həsr etdiyiniz tribunadakı şəxs kim idi?

- Bəli, Vüqar Sultanova həsr etdim. O mənə həm müəllim, həm ata, həm də qardaşdır. Bu yaxınlarda infarkt keçirib, əməliyyat olub. Qələbəni onun ürəyinə həsr edirəm.

- Qarşıdakı dünya çempionatında da sizdən "qızıl" gözləyək?

- Koreyada dünya çempionatında bürünc medal almışam. Bu dəfə də orda əlimdən gələni edəcəyəm.

- Amma yəqin ki, əsas hədəf olimpiya çempionu olmaqdır...

- Gəlin, tələsməyək. Əvvəlcə dünya çempionatı, sonrasına baxarıq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.