"Mən əslən naxçıvanlıyam" - Türkiyə millisinin üzvü

Türkiyənin qadın həndbolçulardan ibarət yığmasının üzvü Qonca Nahçıvanlı (Qonça Naxçıvanlı) əslinin Azərbaycandan olduğunu təsdiqləyib.

Prosport.Az xəbər verir ki, "İzmir Büyükşehir Bələdiyə"sinin kapitanı saytımıza açıqlamasında bu barədə danışıb:

"Mən əslən naxçıvanlıyam. İzmirdə doğulsam da, babam Naxçıvandandır. Bakıda da, Naxçıvanda da qohumlarımız var. Yəni gediş-gəlişimiz var. Bağlarımızı qoparmadıq. Azərbaycandakı qohumlarımız burda keçirdiyimiz oyunlara mənə dəstək olmağa gəlir. Ancaq Azərbaycanla oyunda kimə azarkeşlik etdiklərini bilmədim (gülür). Daha əvvəl də Azərbaycana yarış üçün gəlmişdim". 

37 yaşlı oyunçu İslamiadada qadın həndbolçulardan ibarət komandaların sayının cəmi 4 olmasına təəssüfləndiyini bildirib: "Bizə 5 komandanın həndbolda mübarizə aparacağı deyilmişdi. Ancaq biri (Fil Dişi Sahili) gəlmədi. Kişilərdə 8 komanda, 2 qrup var. Kaş ki bizdə də elə olsaydı. İndi isə eyni komandalarla 2 oyun keçirməli olduq".

Qeyd edək ki, Türkiyə millisinin ən təcrübəli üzvü olan Qonca Nahçıvanlı hazırda "Sərhədçi"də keçirilən Azərbaycan - Türkiyə finalında da millimizə qarşı oynayır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.