Hikmət Abdullayev xorvat məşqçi ilə münaqişəsindən danışdı: "Bu adamın sözü mənim üçün heç nədir"

Kişi həndbol millimizin baş məşqçisi Hikmət Abdullayev jurnalistlərə müsahibə verib.

Prosport.Az-ın da sualını cavablandıran Abdullayev Səudiyyə Ərəbistanının baş məşqçisi ilə yaşadığı münaqişədən danışıb.

- Rəqib məşqçi millimizi sərt tənqid etdi. İlk dəfə idi ki, bir məşqçinin öz həmkarı haqda sərt danışdığını görürdük. Bəlkə oyundan qabaq aranızda münaqişə baş verib?

- Yox, oyundan qabaq olmayıb. Aramızda münaqişə fasilədə olub. Məşqçi hərtərəfli müəllim olmalıdır. Qalib gəliblər deyə, belə danışıb. Onun dediklərinə çox fikir vermirəm. Onların oyunçuları özlərini apara bilmirdi, bizimkilərə söz atırdılar. Münaqişə də bu üzdən oldu. Məşqçiləri oyunçularını sakitləşdirməkdənsə, onları daha da qızışdırırdı. Ona görə də bu adamın sözü mənim üçün heç nədir. Böyük turnirlərdə çıxış edən komanda kimi bu gün gərək Səudiyyə Ərəbistanı hakimlərin köməkliyi ilə qələbə qazanmayaydı. Yeri gəlsə, bunu da biz qabarda bilərik. Səudiyyə Ərəbistanı ümumi İslam Həmrəylik Oyunlarının təşkilatçısı olan ölkədir. Üstəlik, bu oyunda hakimlərin ərəb - İraqdan olması da nəsə deyir. Bizə qarşı kobud oynayırdılar, heç nə verilmirdi. Ancaq biz bir balaca kobud oynayan kimi, 2 dəqiqəlik cərimə verilirdi.

- Sizcə, oyunun qırılma anı harda oldu?

- Belə kimlərinsə sözünü yerinə yetirən hakimlər hesab arasındakı fərqi qorumağa çalışırlar. Onlara 2 dəqiqəlik cərimə yalnız hesabda 6-7 top fərqlə öndə olduqları vaxt bildirilirdi. Biz isə hesab arasındakı fərqi 3-ə çatdıranda qapımıza heç nədən 7 metrəlik, 2 dəqiqəlik cərimə verilirdi. Əsas oyunçularımızdan birinə niyə qırmızı vərəqə verildiyini heç cür anlaya bilmədim. Ancaq bununla belə etiraf edirəm ki, Səudiyyə Ərəbistanı Türkiyə ilə bərabər çox güclü komandadır. Onlar yanvarda Fransada keçirilmiş dünya çempionatında Xorvatiya kimi güclü komanda ilə başa-baş oynayıb, 5 top fərqlə uduzdular. Açığı, sevinirəm ki, bu cür komanda ilə eyni səviyyədə oynadıq.

- Növbəti mərhələyə çıxmaq şanslarımız barədə nə deyə bilərsiniz?

- Biz də məhz buna görə oynayırıq. İnşallah, bəlkə elə oldu ki, biz Səudiyyə Ərəbistanı ilə bir də finalda oynayarıq. Onda onların məşqçilərinin sözlərinə də cavab vermiş olaram.

- Demək olarmı ki, qapıçımızın zəif çıxışı da məğlubiyyətimizdə rol oynadı?

- Qapıçı 50 faiz rol oynasa da, komanda idman növlərində əsas məsələ oyun təcrübəsidir. Bu heyətlə cəmi 1 həftə məşq etmişik. Çünki onların bəziləri xaricdə çıxış edir. Çempionatları qurtarandan sonra bizə qoşulublar. Bu müddətdə də komanda arası bağları qurmaq asan məsələ deyil.

- Bir ara Azərbaycanda qadın həndbolu ilə kişilərinki arasında maddi dəstək baxımından böyük uçurum vardı. İndi bu fərq minimuma enibmi?

- Demək olar ki, fərq azalıb. Federasiyada rəhbərlik dəyişiləndən sonra bizdə də qadın həndbolundakı kimi klubların sayının artacağı söz verilib. Görək, İslamiadadan sonra necə olacaq?! Gərək bir neçə klub ölkə çempionatında çıxış etsin ki, inkişaf, rəqabət olsun. Ona görə də istəyirik ki, 3-4 güclü klub olsun ki, maraqlı mübarizə getsin. İslamiadada da ilkin məqsədimiz yarımfinala çıxmaqdır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.