"Pakistandan 36 top buraxmısınızsa, bu, fəlakətdir" - Xorvat məşqçi millimizi topa tutdu

Xəbər verdiyimiz kimi, kişi həndbolçular üzrə Səudiyyə Ərəbistanı millisi İslam Həmrəylik Oyunlarında Azərbaycana 38:31 hesabı ilə qalib gəlib.

Prosport.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının xorvat baş məşqçisi Nenad Klyaiç oyundan sonra keçirdiyi brifinqdə yığmamızı sərt tənqid edib. 1996-cı ildə Xorvatiya millisi ilə Olimpiya çempionu olmuş 51 yaşlı məşqçinin fikirlərini çatdırırıq: 

“Qalib gəldiyimiz üçün şadam. Amma düzünə qalsa, bugünkü hakimlik fəlakət idi. Düzgün idarəçilik olmadı. Hakimlər çoxlu səhvlər etdi. Xüsusilə də bu səhvlər bizim əleyhimizə oldu. Düzdür, Azərbaycanın əleyhinə də qərarlar oldu. Lakin ən çox bundan biz əziyyət çəkdik. Ancaq artıq bunun fərqi yoxdur. Çünki biz artıq yarımfinaldayıq və həmin matça diqqətlərimizi yönəltmək istəyirik. Azərbaycan yığması bizə qarşı tam gücü ilə oynadı. Hesab edirəm ki, bu, ağıllı yanaşma deyildi. Onlar güclərini yarımfinala çıxmaq üçün Əlcəzairlə oyuna saxlamalı idi. Bəzi oyunçulara istirahət verə bilərdilər. Çünki Əlcəzairə uduzsalar, yarımfinala çıxa bilməyəcəklər. Təkcə qapıçımız yox, bütün oyunçularımız Azərbaycan millisindən yaxşı çıxış etdi, çox sürətli oynadıq. Bizim qələbəmizin səbəbi müdafiədən yaxşı oynamağımızdadır. Azərbaycanda isə müdafiə zəifdir. Əgər Pakistandan 36 top buraxmısınızsa, bu, fəlakətdir, siz qalib gələ bilməzsiniz. Bunun üçün yaxşı müdafiəniz olmalıdır. Mən Azərbaycanın finala çıxacağını düşünmürəm. Bu, baş verməyəcək. İslamiadanın finalında Səudiyyə Ərəbistanı və Türkiyənin qarşılaşacağını düşünürəm. Hazırda Azərbaycan həndbolda top Avropa millilərinin səviyyəsindən çox uzaqdadır. Ancaq sizin yaxşı imkanlarınız var. Çünki varlı ölkəsiniz. Çoxlu pul yatırılsa, yaxşı proqram tutulsa, yaxşı məşqçiniz olsa, qısa vaxtda - 1-2 ilə top Avropa səviyyəsinə yüksələ bilərsiniz. İndi bilmirəm neçə oyunçunuz Azərbaycan doğumludur. Bildiyimə görə, onların bəzilərinə millidə oynamaq üçün Azərbaycan pasportu verilib. Ancaq uşaqları yetişdirsəniz, 7-8 ilə yaxşı yerli həndbolçuları milliyə dəvət edə bilərsiniz".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.