Ukraynalı məşqçi Türkiyə ilə oyundan danışdı: "Nəticə istəyiriksə, heyətdə legionerlər olmalıdır"

Qadınlardan ibarət həndbol millimizin baş məşqçisi Georgi Voronov Özbəkistanla oyunla bağlı fikirlərini bildirib.

Prosport.Az xəbər verir ki, ukraynalı məşqçi sabah qrup liderliyi uğrunda keçiriləcək Türkiyə ilə oyundan da danışıb:

“Özbəkistan bizə müqavimət göstərə bilmədi. Oyunun əvvəlindən üstünlük qurduq. Əsas tapşırığım sabahki vacib görüş ərəfəsində komandanın oyununu təkmilləşdirməsiydi. Bu qarşılaşma bizim üçün Türkiyə matçına hazırlıq xarakteri daşıdı. Nəsə alındı, nəsə alınmadı. İstənilən halda, böyük hesabla qalib gəldik. Liderlik uğrunda matç çətin keçəcək. İştirakçıların sayının az olması motivasiyamızı azaltmayıb. Əksinə, bu durum daha çətin mübarizə vəd edir. Çünki reqlament elə olur ki, hər gün oynamalısan və bu da fiziki cəhətdən problemlər yaradır. Bütün oyunlarda komandanı tonusda saxlamaq lazımdır. Psixoloji köklənmənin sabit qalması da çox vacibdir. Əlbəttə, sırf yerli voleybolçularla da bu turnirdə iştirak etmək olardı. Ancaq nəticə istəyiriksə, heyətdə legionerlər olmalıdır. Onların komandaya böyük faydası var. Türkiyənin heyətində Yeliz Özəl aşkar liderdir. Çox təcrübəli və Avropanın ən güclü oyunçularından biridir. Fürsətdən istifadə edib, verdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığımı bildirirəm”.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.