Derbidə Şenol Günəşin başını yarıb xəstəxanalıq etdilər – VİDEO

Futbol üzrə Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Fənərbaxça” “Beşiktaş”ı qəbul edib.

Prosport.Az xəbər verir ki, İstanbul derbisinin ikinci hissəsində qalmaqal baş verib.

Belə ki, 56-cı dəqiqədə hesab 0:0 olarkən qonaqların portuqaliyalı yarımmüdafiəçisi Rikardu Kuarejma künc zərbəsini meydana atılan əşyalara görə yerinə yetirə bilməyib. Həmin an meydan sahiblərinin qolkiperi Volkan Dəmirəl azarkeşləri sakitləşdirməyə çalışıb.

Künc zərbəsi yerinə yetirilsə də, daha sonra növbəti qalmaqal yaşanıb. Qonaqların baş məşqçisi Şenol Günəş komandasının ehtiyatda olan qapıçısı Tolqa Zəngini azarkeşlərlə mübahisədən aralamaq üçün yanına gedib. Tribunadan atılan əşyalardan biri təcrübəli mütəxəssisin başına dəyib.

Belə olan halda “Beşiktaş”ın futbolçuları paltardəyişmə otağına yollanıblar. Dəhlizdə isə Tolqa ilə özəl təhlükəsizlik nümayəndəsi arasında gərgin anlar yaşanıb. Hətta Tolqa onu vurub.

Şenol Günəşin isə başına tikiş qoyulub və dərhal xəstəxanaya çatdırılıb. Derbi isə yarımçıq saxlanılıb.

Qeyd edək ki, ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınmışdı.

Bu kateqoriyalar haqda daha çox « FİFA 3 klubu cərimələdi Rakitiç sağaldı »
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.