Bir gündə 3 ölkədə çempion bilindi

Bu gün Avropanın aparıcı futbol çempionatlarında oyunlar keçirilib.

Prosport.Az xəbər verir ki, keçirilən nəticələrdən sonra daha 3 ölkədə çempionlar müəyyənləşib.

Hollandiya Erediviziyasında PSV "Ayaks"ı 3:0 yenərək sona 3 tur qalmış Amsterdam təmsilçisi ilə arasındakı xal fərqini 10-a yüksəldib. Bununla da Eyndhoven klubu 24-cü dəfə çempionluğunu bayram edib.

İngiltərə Premyer Liqasında da erkən çempionluq baş verib. Ancaq bu dəfə II yerdə gedən komanda çempiona kömək edib. Belə ki, "Mançester Yunayted" gözlənilmədən öz meydanında autsayder "Vest Bromviç"ə uduzub. Belə olan halda, onların əzəli rəqibi olan "şəhərlilər" sona 5 tur qalmış 16 xal fərqlə çempion olub. Bu, "Siti"nin tarixində 5-ci qələbəsi olub.

Fransa Liqa 1-də də gözlənilən çempionluq baş verib. Amma "Pari Sen-Jermen"in (PSJ) əsas rəqibi olan, son çempion "Monako"nu belə hesabla yenib çempion olacağını heç kim gözləmirdi. Paris klubu əsas rəqibini 7:1 hesabı ilə darmadağın edib. Fransada mövsümün başa çatmasına 5 tur qalmış hər iki komanda arasındakı 17 xallıq fərq PSJ-nin 7-ci dəfə çempionluq yaşamasına səbəb olub.

Qeyd edək ki, bundan əvvəl Avropanın aparıcı çempionatlarından Almaniyada çempion bəlli olmuşdu. "Bayern" ötən tur vaxtından erkən çempionluğunu bəyan etmişdi.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.