"Qarabağ" "Atletiko"ya uduzmayıb, "Roma" ilə də sonadək mübarizə aparıb" - Antonio Konte

Bu həftə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq İngiltərə çempionu “Çelsi”nin baş məşqçisi Antonio Konte bu oyunla bağlı fikirlərini bölüşüb.

Prosport.Az xəbər verir ki, italiyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında bu oyunun onlar üçün mövsümün ən önəmli matçı olduğunu deyib:

“Çərşənbə günü bizi çox çətin oyun gözləyir. Fikrimcə, bu, mövsümün ən vacib matçı olacaq. Çünki bu qarşılaşmada qalib gələcəyimiz təqdirdə, Çempionlar Liqasında 1/8 finala vəsiqəni təmin edəcəyik. Bu bizim üçün çox vacibdi. Amma qalib gəlmək asan olmayacaq. Çünki onlar “Atletiko” ilə 2 matçda uduzmayıblar. “Roma” ilə görüşdə məğlub olsalar da, sonadək mübarizə apardılar. Ona görə də qələbə qazanmaq üçün oyuna yaxşı köklənməli, üzərimizdə işləməliyik”.

Konte “Roma”ya 0:3 hesabıyla uduzduqları oyuna da toxunub: “Biz həmin matçda ilk hissədə 0:2 hesablı yenilgiyə layiq deyildik. Amma ikinci hissə bizim üçün pis oldu. “Çelsi” hesabı dəyişmək üçün heç nə edə bilmədi. Bununla belə, mən səmimi olacağam: futbolçularımız hər oyunda qalib gəlmək üçün əzm göstərirlər. Onlar bütün matçlarda sonadək mübarizə aparacaqlar. Bu mövsümün əvvəlində biz xeyli problemlə üzləşdik. İndi isə bunları həll etməyə çalışırıq. Eden Azar, İngiltərədə ilk dəfə oynayan Alvaro Morata kimi futbolçuları düz istiqamətə yönəltməliyik”.

“Zadəganlar”ın baş məşqçisi komandanın nigeriyalı yarımmüdafiəçisi Viktor Mozesin “Qarabağ”la oyunda iştirak edə biləcəyini də qeyd edib. 1 aydan çoxdur zədədən əziyyət çəkən afrikalı futbolçu artıq sağalıb: “Mozes özünü yaxşı hiss edir. Ümid edirəm ki, “Qarabağ”la matça qədər tam hazır vəziyyətə gələcək. Bakı səfərində ondan istifadə edə bilərik. Aparıcı futbolçuların zədəli olmamaları və yaxşı forma yığmaları çox önəmlidir”.

Xatırladaq ki, “Qarabağ” - “Çelsi” oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.