4 dəfə London klublarının matçını idarə etmiş hakim "Qarabağ" - "Çelsi" matçında

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlanıb.

Prosport.Az xəbər verir ki, UEFA V tur çərçivəsində baş tutacaq qarşılaşmaya portuqaliyalı hakimlər briqadasını göndərməyi qərara alıb.

Matçda ədaləti Manuel Jorje de Souza  qoruyacaq. Ona Alvaro Meskita və Rikardu Santuş kömək edəcəklər. Nunu Pereyra ehtiyat referi kimi iş başında olacaq. Əlavə hakim köməkçiləri funksiyasını isə Fabiu Koşta Verisimu və Luiş Branku Qodinyu yerinə yetirəcək.

42 yaşlı De Souza əvvəl də ölkəmizə gəlib. 2006-cı ildən FİFA hakimi olan portuqaliyalı Avropa Liqasının 2012/13 mövsümünün qrup mərhələsində keçirilən “Neftçi” – “Rubin” qarşılaşmasını idarə edib. Rusiya təmsilçisinin 1:0 hesablı qələbəsini qeydə alan referi 5 sarı vərəqə də göstərib.

2012-ci il noyabrın 8-dəki matçda bakılılar 3, qonaqlar 2 dəfə cəzalanıb. “Ağ-qaralar”ın heyətində Rəşad Sadiqov, Erik Ramos və Mirhüseyn Seyidov xəbərdarlıq alıb. Həmin matçda dördüncü hakim olan Nunu Pereyra da yenidən Bakıya gələcək.

O, 2007/08 və 2008/09 mövsümündə Portuqaliyanın ən yaxşı hakimi seçilib. Manuel Jorje de Souza 3 dəfə "Totenhem", 2 dəfə "Mançester Siti", 1 dəfə "Arsenal", "Everton" və İngiltərə millisinin oyunlarını idarə edib. Bu qarşılaşmaların heç birində İngiltərə klubları uduzmayıb. Onun sonuncu idarə etdiyi İngiltərə təmsilçisinin oyunu sentyabrda Çempionlar Liqasının "Mançester Siti" - "Şaxtyor" matçı (2:0) olub. Həmin matçda da baş hakim Ukrayna klubunun qapısına penalti təyin edib. 

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da start götürəcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.