2019-cu ilin mayında Avropa Liqasının finalı Bakıda olacaq!

Xəbər verdiyimiz kimi, bu il fevralın 2-də AFFA 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürüb.
 
Prosport.Az xəbər verir ki, ilkin mərhələdə UEFA Çempionlar Liqasını qəbul etməyə 2 - Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan) və "Estadio Metropolitano" (Madrid, İspaniya), UEFA Avropa Liqasının həlledici oyununa ev sahibliyi etmək üçün 7 - Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan), "Dinamo Arena" (Tbilisi, Gürcüstan), "Frankfurt Ştadion" (Frankfurt, Almaniya), "Arena Ştutqart" (Ştutqart, Almaniya), "Hampden Park" (Qlazqo, Şotlandiya), "Estadio Ramon Sançes Pisxuan" (Sevilya, İspaniya) və "Beşiktaş Arena" (İstanbul, Türkiyə) hazır olduğunu bildirib.
 
Prosedur qaydalarına uyğun olaraq, UEFA 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasına namizədliyini irəli sürmüş milli assosiasiyalara Sifariş kitabını təqdim etmək üçün iyunun 6-na qədər vaxt verib. Sifariş kitabını təqdim etmiş assosiasiyalardan UEFA Çempionlar Liqası üçün Bakı Olimpiya Stadionu və "Estadio Metropolitano"nun, UEFA Avropa Liqası üçünsə Bakı Olimpiya Stadionu, "Ramon Sançes Pisxuan" və "Beşiktaş Arena"nın namizədliyi qeydə alınıb.
 
Onu da xatırladaq ki, AFFA tərəfindən hər 2 turnir üçün ayrı-ayrı Sifariş kitabı və videoçarx hazırlanıb. Sifariş kitabında müxtəlif mövzular əhatə olunub və "final qarşılaşması niyə Bakıda keçirilməlidir?" sualına aydınlıq gətirilib. Belə ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən FİFA U-17 Qadınlararası dünya çempionatı-2012, futzal üzrə “Dördlər finalı-2014”, UEFA U-17 Avropa çempionatı-2016 zamanı görülən işlər həm FİFA, həm də UEFA tərəfindən yüksək qiymətləndirilib. Ötən il qitə birinciliyinin açılış oyununda isə U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb. Bakı Olimpiya Stadionunda keçirilmiş oyunu 33 min azarkeş izləyib.
 
Bu da ölkəmizdə kifayət qədər azarkeş bazasının varlığını, futbola marağın böyük olduğunu göstərir. Eyni zamanda Sifariş kitabı hazırlanan zaman dövlət qurumları tərəfindən təminat məktubları alınıb və UEFA-ya təqdim edilib, otellər, yol infrastrukturu, hava limanı, məşq meydançaları, yarışı qəbul etməyə iddialı olan BOS haqda qitənin ali futbol qurumunun rəhbərliyinə ətraflı məlumat verilib. Qeyd edilib ki, BOS qalib elan edilərsə, bu təkcə Azərbaycanda deyil, bölgədə futbola marağın atmasına təkan verəcək, yaxın ərazilərdə yerləşən ölkələrdən minlərlə azarkeş oyunu izləmək üçün Bakıya səfər edəcək.
 
Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən İsveçrənin Nyon şəhərində - UEFA-nın mənzil-qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub, UEFA və AFFA rəhbərliyinin görüşü keçirilib, UEFA İcraiyyə Komitəsinin namizəd stadionların imkanlarını obyektiv şəkildə araşdıracağına əminlik ifadə edilib.
 
Onu da qeyd edək ki, 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşmasını qəbul edəcək stadionların adları bu gün açıqlanıb. Qısa müddət ərzində istifadəyə verilməsinə baxmayaraq, Bakı Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi böyük tədbirlərin açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmiş Bakı Olimpiya Stadionu 2 il sonra keçiriləcək UEFA Avropa Liqasının final oyununu qəbul edəcək.
 
Qeyd edək ki, "Qarabağ"ın bu il qonaq olacağı "Atletiko"nun yeni stadionunda 2019-cu ildə Çempionlar Liqasının finalı baş tutacaq. "Beşiktaş"ın stadionunda isə həmin il UEFA Superkubok matçı baş tutacaq. 2019-cu ildə qadın futbolu üzrə Çempionlar Liqasının finalı isə Macarıstanın "Ferentsvaroş" stadionunda gerçəkləşəcək.

Yeri gəlmişkən, qitə futbol qurumu sözügedən oyunların keçiriləcəyi tarixləri də müəyyənləşdirib. UEFA-nın saytında yer alan məlumatda Superkubok görüşünün 2019-cu ilin 14 avqustunda, Bakıda keçiriləcək AL-in finalının həmin ilin mayın 29-da, ÇL-in həlledici matçının isə iyunun 1-də baş tutacağı bildirilib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.