"Qəbələ" üçün turu keçmək şansı: 4 polyak futbolçu cavab oyununu buraxacaq

"Qəbələ"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Yaqelonnia" ciddi itkilərlə üzləşib.

Prosport.Az xəbər verir ki, Polşa komandası Belostokdakı cavab oyununda 3 və ya 4 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Bakıdakı oyunda zədəli olduqları üçün meydana çıxa bilməyən müdafiəçi Pyotr Tomasik, hücumçu Karol Sviderski və yarımmüdafiəçi Pjemıslav Frankovskiyə Yatsek Qoralski də qoşulub. 24 yaşlı yarımmüdafiəçi ilk oyunda zədələnib. "Bakcell Arena"da topuğu burxulan futbolçu 53-cü dəqiqədə əvəzlənməli olub. Onun cavab matçında oynaması sual altındadır.

Yeri gəlmişkən, Frankovskiyə Fransanın "Kan" klubu elçi düşüb. Fransızlar 22 yaşlı yarımmüdafiəçiyə görə Polşa klubuna 1 milyon avro təklif ediblər. Ancaq "Yaqelonnia" ümid edir ki, futbolçu üçün daha yarım milyon çox pulla müraciət olunacaq. Ancaq hər şeydən əvvəl ayağı sarğıda olan futbolçu müalicə olunmalıdır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.